“Spartak” bazar ertəsi Bakıya gəlir

21.10.2023 16:56 250
Aktual / İdman
Ölkəmizi bu mövsüm Çağırış kubokunda təmsil edəcək kişi voleybolçulardan ibarət “Xarı Bülbül”ün 1/32 finaldakı rəqibi olan “Spartak”ın Bakıya səfər planı bəllidi.

Slovakiya təmsilçisi okyabrın 24-də paytaxtımızda olacaq. Artıq qonaqların məskunlaşacağı yer də məlumdu. Belə ki, onlar “ASK Arena”nın otelində qalacaqlar. Daha əvvəl də məlumat verdiyimiz kimi, bu mərhələnin hər iki oyunu tərəflərin qarşılıqlı razılığına əsasən Dərgüldəki Voleybol Mərkəzində keçiriləcək. Komandamız okyabrın 25-də nominal ev sahibi, ertəsi isə qonaq olacaq. Oyunların başlama saatı 18.00-dı.

“Xarı Bülbül”ün voleybolçusu Tural Həsənli oyunla bağlı "Football-plus.az"a danışdı:

"Artıq dörd gündü Polşadakı təlim-məşq toplanışımızı başa vurub vətənə dönmüşük. Çox yaxşı hazırlıq keçdik. Çağırış kubokunda qarşılaşacağımız “Spartak” da son Slovakiya çempionudu və güclü rəqibdi. Məqsədimiz Şuşa təmsilçisi olaraq, qələbə qazanıb növbəti mərhələyə adlamaqdı. Əla kollektivimiz var. Ölkə çempionatındakı hədəflərimiz də çempionluqdu. Liqadakı komandaları da təhlil etmişik. Hamısı səviyyə baxımından yaxşıdı. Bizi bu mövsüm maraqlı bir çempionat gözləyir”.


CAVİD ƏLİYEV