Sentyabrın 5-də Misli premyer-liqasında “transfer pəncərəsi” bağlandı.
2023/24 mövsümü üçün klublarımız heyətini yerli və əcnəbi oyunçularla gücləndirdi. Son keçid dönəmində premyer-liqa təmsilçilərinin anlaşdığı və ictimaiyyətə təqdim etdiyi əcnəbi futbolçuların siyahısını tərtib etmişik. Araşdırmadan bəlli olar ki, cari “futbol ili”ndə heyətinə ən çox əncəbi cəlb edən klub “Araz-Naxçıvan”dı. Muxtar Respublika təmsilçisi 10 oyunçu ilə güclənib. Sonuncu pillədə isə 4 klub qərarlaşıb. “Qarabağ”, “Zirə”, “Turan Tovuz” və “Kəpəz” hərəyə 5 futbolçunu heyətinə qatıb.
1. Araz-Naxçıvan: Vanderson Kavalkante Melo, Nuno Migel Rodriges, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui, Elvis Maşike, İqor Ribeyro, Kristian Avram - 10.
2-3. Sabah: Sofian Çakla, Jarl Marqarita, Vensan Till, Maruan Hadudi, Oluvaseun Timilehini, Ayaz Quliyev, Cesse Sekidika, Kahim Perris – 8.
2-3. Neftçi: Yuri Matias, Mark Tamaş, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Olanare, Dieqo Valdes, Reziuan Mirzov, Lukas Melano – 8.
4-6. Qəbələ: Ahmed Ayzaya (Kəpəz), Zurab Oçiqava (Sabah), Lukas Afriko (Eştoril, Portuqaliya), Osama Xalayla (Bney Reyneh, İsrail), Gilad Abramov (Hapoel Hadera, İsrail), Bilel Auaşeriya (“Jil Visente”, Portuqaliya), Samuel Tetteh (Adanaspor, Türkiyə) – 7
4-6. Sumqayıt: Erik Sorqa, Roi Kahat, İsa Suliman, Oktavio Manteka, Tresor Mossi, Abu Dosso, Kasmir Ninqa – 7.
4-6. Səbail: Nir Bardea, Yadin Luqasi, Pedro Nuno, Valdemar Almeyda-Pana, Aleksandr Ramalinqom, Adi Mehremiç, Anas Najah – 7.
7-10. Zirə: Ruan Renato, Tyaqo Silva, Stefan Aka, Pyer Zebli, Salifu Suma – 5.
7-10. Qarabağ: Hamidu Keyta, Olavua Juninyo, Patrik Andrade, Andrey Lunyov, Mateus Silva – 5.
7-10. Turan Tovuz: Martin Petkov, Enrike Paçu, Otto Con, Bruno Qonçalves, Alexandro Qarsiya Serrano – 5.
7-10. Vladislav Vasilyuçek, Olavale Onanuqa, Latir Fal, Georgi Papunaişvili, Ezekyel Morqan – 5.
Bu, klublarımızın heyətinə qatdığı əcnəbi oyunların siyahısı idi. Burda Ayaz Quliyevin adının olması sizi çaşdıra bilər. Yarımmüdafiəçi hələ ki Azərbaycan pasportu almadığı üçün siyahımızda yer alıb. “Kəpəz” də Ezekyel Morqanı 1-ci liqa təmsilçisi “İmişli”yə icarəyə verib. Lakin bu məqam afrikalı oyunçunun siyahıya düşməsinə təsir etmədi.
Gördüyünüz kimi, klublarımız 2023/24 mövsümündə ümumilikdə 65 əcnəbi futbolçu transfer edib. “Futbol+” olaraq, bu oyunçular arasından 20 ən yaxşısını seçməyə çalışdıq. Futbolçuları mövqelər üzrə böldük. Siyahıda 2 qolkiper, 6 müdafiəçi, 8 yarımmüdafiəçi, 4 hücumçu yer aldı. Maraq üçün bildirək ki, siyahıda vingerləri orta xətt oyunçusu kimi götürmüşük. Bu səbəbdən də cədvəldə yarımmüdafiəçilərin sayı çoxdu. Açığı, bu mövqe üçün oyunçuların seçimində çox əziyyət çəkdik. Çünki bu mövsüm Azərbaycan klubları çoxlu keyfiyyətli yarımmüdafiəçi transfer edib. Burda seçim zamanı çalışdıq ki, hər klubdan bir nəfəri siyahıya salaq. Cari “futbol ili”ndə klublarımız sırf hücumçu tapmaqda problemlə üzləşiblər. Bu məqam bizim siyahıya da təsir göstərdi. Tərtib etdiyimiz cədvələ adı düşən şəxslər haqda məlumatı diqqətinizə çatdırırıq.
1. Tyaqo Silva (Zirə, qapıçı) – 5 turdan sonra deyə bilərik ki, paytaxt təmsilçisi qapıçı problemini həll edib. Portuqaliyalı qolkiper bu oyunlar ərzində cəmi 2 qol buraxıb. 3 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb. Bu göstəricilərə əsasən Tyaqonun komandasına fayda verəcəyi açıq-aşkar görünür.
2. Andrey Lunyov (Qarabağ, qapıçı) – Şahruddinin səhvləri “Qarabağ” azarkeşləri ilə yanaşı, bütün futbol ictimaiyyətinin əsəblərini tarimara çəkmişdi. Rusiyalı qolkiperin transferindən sonra “köhlən atlar”ın “çərçivə”sinin etibarlı əllərdə olacağını söyləyə bilərik. Düzdü, 31 yaşlı qolkiper premyer-liqada “Kəpəz”lə oyunda meydanda olub. Lunyovin hazır olmadığı açıq-aşkar hiss olunur. Lakin qolkiperin karyerasına əsasən Ağdam təmsilçisinə fayda verəcəyini düşünə bilərik.
3. Yuri Matias (Neftçi, müdafiəçi) – həm Rusiyadakı təlim-məşq toplanışı, həm Konfrans Liqasındakı oyunlar, həm də premyer-liqa matçları zamanı hiss olundu ki, braziliyalı flaqmanın lideri olacaq potensialdadı. “Ağ-qaralar”ın heyətində ümumilikdə 10 qarşılaşmada meydanda olan 28 yaşlı futbolçu bu mövsüm Bakı təmsilçisinin ən yaxşılarından olacaq potensialdadı.
4. Sofian Çakla (Sabah, müdafiəçi) – Masazır klubu ümumilikdə bu mövsüm üçün yaxşı transferlər etdi. Mərakeşli oyunçu da yeni gələnlərin siyahısında ən yaxşılardandı. 30 yaşlı müdafiəçinin karyerasına nəzər yetirərək “bayquşlar” üçün faydalı olacağını düşünmək olar.
5. Ruan Renato (Zirə, müdafiəçi) – braziliyalı bizim üçün tanış simadı. Uzun müddət “Qəbələ”nin uğurları üçün tər tökən 29 yaşlı futbolçu təcrübəsi ilə “Zirə”yə bu mövsüm çox fayda verəcək.
6. Mateus Silva (Qarabağ, müdafiəçi) – braziliyalının transferi Ağdam təmsilçisi üçün vacib idi. Marko Veşoviçin zədələnməsindən sonra sağ cinahda boşluq hiss olunurdu. Düzdü, Qurban Qurbanov burda Toral Bayramova şans versə də, Silva performansı ilə tezliklə Ağdam təmsilçisinin əsas heyət üzvü olacağını göstərdi.
7. İsa Suliman (Sumqayıt, müdafiəçi) – Pakistan millisinin üzvü haqda çox danışmağa ehtiyac yoxdu. İngiltərə əsas millisindən başqa bütün yaş qrupu üzrə yığmalarında çıxış edən 25 yaşlı futbolçu zəngin karyerası ilə “kimyaçılar”a fayda verəcək potensialdadı.
8. Adi Mehremiç (Səbail, müdafiəçi) – bosniyalı futbolçunun zəngin karyerası var. 31 yaşlı müdafiəçi paytaxt klubuna superliqa təmsilçisi “İstanbulspor”dan gəlib. Premyer-liqa matçlarındakı performansı ilə Mehremiç göstərir ki, bu mövsüm “Səbail”ə çox fayda verə biləcək.
9. Jearl Marqarita (Sabah, yarımmüdafiəçi) – Kurasao millisinin üzvü 2022/23 mövsümündə “TOP Oss”un heyətində əla performans sərgiləyib. 23 yaşlı futbolçu Niderland 1-ci divizionunda 28 qarşılaşmada 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Hələ ki “Sabah”da 7 görüşdə qol hesabını açmayan yarımmüdafiəçi cari “futbol ili”ndə “bayquşlar”ın ən yaxşılarından olmaq potensialındadı.
10. Ruslan Mirzov (Neftçi, yarımmüdafiəçi) – “Ximki”dən flaqmana keçən futbolçu zəngin karyeraya malikdi. Rusiya premyer-liqasında ümumilikdə 172 matçda 23 qol vuran, 11 məhsuldar ötürmə verən oyunçunun “Neftçi” üçün faydalı olmayacağını düşünməyə dəyməz.
11. Pyer Zebli (Zirə, yarımmüdafiəçi) – Kot-d”İvuardan olan futbolçunun da karyerası yetərincə zəngindi. 25 yaşlı orta xətt oyunçusunu artıq indidən “Zirə”nin əsas heyət üzvünə çevrilib. Premyer-liqadakı 5 matçda meydana çıxan Zebli paytaxt təmsilçisinin və çempionatın ən yaxşı transferlərindədi.
12. Aleks Serrano (Turan Tovuz) – ispaniyalı bir zamanlar ölkəsinin ən istedadlılarından sayılırdı. Təsadüfi deyil ki, yarımmüdafiəçi ölkəsinin U-15 millisinin kapitanı olub. Bu mövsüm “Turan Tovuz”un heyətində 5 matçda meydana olan 28 yaşlı futbolçu cari “futbol ili”ndə “boz qurd”a fayda verə bilər.
13. Oktavio Manteka (Sumqayıt, yarımmüdafiəçi) – “Kimyaçılar” bu mövsüm lazımi mövqelərə nöqtə transferlər etdi desək, yanılmarıq. Braziliyalı oyunçu da bunlardan biri və ya birincisidi. “Fiorentina”, “Birşot” kimi klublarda çıxış edən yarımmüdafiəçini “gənclik şəhəri” təmsilçisi üçün faydalı transfer hesab etmək olar.
14. Giorgi Papunaşvili (Kəpəz, yarımmüdafiəçi) – zədələr mane olmasaydı, gürcüstanlı futbolçu indi Avropanın əsas liqalarında top qova bilərdi. Lakin bəxti onun bu arzusunun reallaşmasına imkan vermədi. Gəncə təmsilçisində yenidən parlamaq şansı var. 25 yaşlı futbolçu bu mövsüm “Kəpəz”ə fayda verəcək oyunçular siyahısına liderlik edir.
15. Pedro Nuno (Səbail, yarımmüdafiəçi) – portuqaliyalını “dənizçilər”in yaydakı ən yaxşı transferi hesab edə bilərik. Əsasən öz ölkəsində top qovan yarımmüdafiəçi bakılılara indidən fayda verməyə başlayıb. Premyer-liqada 5 oyunda meydanda olan Nuno 1 qol da vurub.
16. Miço Kuzmanoviç (Araz-Naxçıvan, yarımmüdafiəçi) – Muxtar Respublika təmsilçisinin əsas ulduzu bosniyalı yarımmüdafiəçidi. Premyer-liqada 5 qarşılaşmada 1 qol vurub, 3 məhsuldar ötürmə verən yarımmüdafiəçi bu mövsüm adını Azərbaycan çempionatında ən yaxşılar siyahısına yaza bilər.
17. Juninyo Olavio (Qarabağ, hücumçu) – Qurban Qurbanov onu sırf hücumçu kimi transfer edib. Braziliyalı hələ komandaya tam uyğunlaşmayıb. Lakin çempionatda 5 maçtda meydana çıxan 26 yaşlı oyunçunun 2 qol vurması potensialından xəbər verir.
18. Samuel Tetteh (Qəbələ, hücumçu) – “Qəbələ” çempionata yaxşı başlamayıb. Komandanın hücum xəttində problem var. Qana millisinin sabiq üzvü zəngin karyeraya malikdi. 27 yaşlı forvard “qırmızı-qaralar”ın hücumdakı “dişsizliyini” aradan qaldıra bilər.
19. Martin Petkov (Turan Tovuz, hücumçu) – yoxlama görüşlərində özünü yaxşı tərəfdən göstərən bolqarıstanlı hücumçu çempionat matçlarında da diqqətiçəkir. 20 yaşlı forvard 5 qarşılaşmada 3 qol vuraraq “Turan Tovuz”un bu mövsüm iddialı olması üçün əlindən gələni etməyə səy göstərəcək.
20. Aleksandr Ramalinqom (Səbail, hücumçu) – Madaqaskar millisinin üzvü zəngin karyeraya malikdi. 30 yaşlı fransalı indidən öz səviyyəsini göstərib. “Dənizçilər”in heyətində 5 qarşılaşma 3 qol vuran forvard bir məhsuldar ötürmə də verib. Ramalinqomun avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Səbail”ə faydalı olacağı güman olunur.
Bu da Misli premyer-liqasının 2023/24 mövsümünün ən yaxşı 20 əcnəbi transferi. Çalışdıq ki, seçimdə maksimum ədalətli olaq. Təbii, siz fərqli düşünə, bir başqa oyunçunu bu siyahıda “görə” bilərsiz. Fərqli fikirlərə hörmətlə yanaşırıq. Adları siyahıda olanların komandalarına faydalı olub-olmayacağını zaman göstərəcək...
İLKİN SULTANLI