"Football-plus.az" xəbər verir ki, qurumun bu qərarına “hərbçilər”in qapıçı İvan Fedotovla müqavilə bağlaması səbəb olub. Baxmayaraq ki, rusiyalının “Filadelfiya” ilə qüvvədə olan müqaviləsi var idi. Bu qadağa gələn il avqustun 10-na qədər etibarlıdı.
Fedotov özü də IIHF tərəfindən MHL komandası ilə müqaviləni pozduğuna görə 4 aylığa cəzalanıb. Ona “Filadelfiya”nın düşərgəsinə qayıtmaq və ya ÇSKA-dan ayrılmaq üçün iki həftə vaxt verilmişdi. Lakin hokkeyçi bu müddətdə göstərilən şərtlərdən heç birinə əməl etməyib.
Xatırladaq ki, Fedotov ötən ilin mayında MHL klublarından “Filadelfiya” ilə birillik müqavilə bağlamışdı, ancaq ardından Rusiya ordusunun sıralarında hərbi xidmətə yollandı. İyulda isə 26 yaşlı qolkiperin ÇSKA ilə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzaladığı bəlli oldu.
Beynəlxalq Buzüstü Hokkey Federasiyasının son qərarı Rusiyada geniş əks-səda doğurub. Məsələn, ikiqat olimpiya çempionu Vyaçeslav Fetisov qəzəbini gizlətməyib:
“Beynəlxalq Hokkey Federasiyasını bir yerə göndərmək lazımdı! Qoy bu qərarı bir yerlərinə soxsunlar! Axmaq qərarlardı! Bizim onlara nə aidiyyatımız var? Bütün yarışlardan uzaqlaşdırılmışıq. Ümumiyyətlə, onlar kimdi?”
Rusiya yığmasının sabiq çalışdırıcısı, əməkdar məşqçi Vladimir Krikunov isə qərara fərqli reaksiya verib:
“Beynəlxalq Buzüstü Hokkey Federasiyasını “harasa göndərmək” alınmayacaq. Bu baş verərsə, onda ölkəmizdə hokkeyi “dəfn etmək” olar. Biz yalnız Belarus və Qazaxıstan, hətta Hindistan və Cənubi Afrika ilə də oynaya bilmərik. Əksər yaşlı oyunçular, sadəcə, ölkə xaricinə yollanacaq, ardından uşaqlarla valideynləri də gedəcək, ona görə ki, Rusiyada hokkeylə məşğul olmağın mənası qalmayacaq”.

