Başnakova: "Çexiya ilə oyuna fiziki cəhətdən tam hazırıq" - AÇIQLAMA

13.08.2023 13:29 373
İdman
Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatının hazırıqlarını Sloveniyada davam etdirir.

Bir həftədi ki, Mariborda toplanış keçən yığmamız yoxlama oyunlarında qüvvəsini sınayıb. Qızlarımız əvvəlcə Kamerun seçməsi ilə heç-heçə edib - 2:2. Daha sonra yerli komanda Sloveniyayla iki dəfə qaşılaşan yığmamız birinci görüşdə 1:3 hesabıyla məğlub olub. Digər matçda isə komandamız qalib gəlib - 3:2.

Hazırlıq və Avropa çempionatı ilə bağlı millimizin hücumçusu Nikalina Başnakova ilə əlaqə saxladıq.

"Football-plus.az"a açıqlama verən yığmamızın forvardı məşqlərdə zəif nöqtələrinin üzərində işlədiklərini dedi:

"Sloveniyadakı hazırlıq dövrümüz gərgin templə davam edir. Artıq çox qısa müddətdə zəif nöqtələrimizi aradan qaldırılmaq üçün vacib olan 3 oyun keçirdik. Burda Macarıstanla son yoxlama oyunumuz qalıb. Hamımız AÇ-də qələbə qazanmağa hazır olmalıyıq. Turnirə 4 gün qalıb. Yaxşı nəticə əldə etmək istəyirik. İnanıram ki, hər şey yaxşı olacaq."

Başnakova Avropa çempionatında Çexiya ilə qarşılaşacaqları ilk oyuna hazır olduqlarını bildirdi:

"Rəqibimizin oyun tərzini və zəif nöqtələrini təhlil edirik. Məşqçilər heyəti də onlara qarşı yaxşı oynamaq üçün bizi taktiki cəhətdən formalaşdırır. Bu matça fiziki olaraq tam faiz hazırıq".

Qeyd edək ki, C qrupundan yer alan yığmamız Çexiya, Almaniya, Türkiyə, Yunanıstan və İsveçlə qarşılaşacaq.  

CAVİD ƏLİYEV