"Football-plus.az" xatırladır ki, “Kəpəz” son yoxlama görüşündə “Səbail-2” ilə qarşılaşıb. Matç Gəncə təmsilçisinin 4:2 hesablı qələbəsi ilə sona çatıb. Qolları Junior Martins (2), Abdullahi Şuaybu və Ehtiram Şahverdiyev vurub. Xatırladaq ki, komanda daha əvvəl “Səbail” (1:2), “Zirə” (1:2) və “Araz-Naxçıvan”la (1:1) yoxlama görüşlərində qarşılaşıb. Bununla belə, ölkə çempionatının başlamasına 8 gün qaldığını nəzərə alsaq komandanın son durumu da maraqlıdı. Görəsən, yenilənən heyətin son durumu necədi? Təlim-məşq toplanışı nə dərəcədə faydalı olub? Bu sualları “Kəpəz”in baş məşqçisi Azər Məmmədova ünvanladıq. O, vəziyyəti belə dəyərləndirdi:
“Şükür Allaha, tam heyətlə və zədəsiz təlim-məşq toplanışını yekunlaşdırdıq. Bütün proseslər plan üzrə həyata keçirildi. Hər şey yaxşıdı. İstəyərdik ki, ölkə xaricində daha yaxşı şəraitdə hazırlaşaq. Təəssüf ki, məlum səbəbdən, yəni sponsorumuz olmadığından buna maddi gücümüz çatmadı. Düşünürəm ki, Bakı toplanışından maksimum yararlana bildik. Hər üç klubla oyun bizim üçün faydalı oldu. Futbolçular həm məşqlərdə, həm də oyunlarda canla-başla iştirak etdilər, əllərindən gələnin artığını etməyə çalışdılar. İnşallah, ölkə çempionatı çərçivəsində keçirilən qarşılaşmalarda bunun bəhrəsini görəcəyik. Bilindiyi kimi, ilk rəqibimiz “Neftçi”di. Bundan sonrakı məqsədimiz həmin oyunda yaxşı nəticə qazanmaqdı”.



