Çəkmə arağı satmağa gedən tovuzlunu yoldan döndərməyə çalışan qonşusu ilə bağlı məşhur lətifəni hər kəs bilir.
Qonşu deyir ki, ayə, evin yıxılmasın, onu satıb nə alacaqsan? Mənə görə, “Qarabağ”ın Kevin Medina üçün aldığı transfer təklifi, hətta bəlkə onu satmağa hazırlaşması eynən bu əhvalata bənzəyir.
“Football-plus.az” xəbər verir ki, bu yay Türkiyə superliqasına vəsiqə qazanan, İlhan Palutun çalışdırdığı “Rizəspor” kolumbiyalı müdafiəçiyə görə istənilən məbləği ödəməyə hazırdı. Sadəcə, burda sual doğuran məqam var: Ramil Şeydayevlə Musa Qurbanlını itirəndən sonra gücü əskilən “Qarabağ”ın daha bir əsas ulduzunu, müdafiənin dirəyini satması nə dərəcədə düzgün addımdı? Medina da satılacaqsa, Ağdam klubu ardıcıl 10-cu dəfə avrokubokların qrupunda oynamaq hədəfinə necə çatacaq? Kəsəsi, çəkmə arağı satıb zavod arağı almağa dəyməz!
ORXAN