"Football-plus.az" xəbər verir ki, bu baxımdan xüsusilə Cek Qriliş fərqləndi. 27 yaşlı vinger hazırda ölkədə ən çox çox müzakirə olunan futbolçulardan biridi. Qrilişin sərgüzəştləri şənbə günü axşam, yəni ÇL-in finalından dərhal sonra başladı və təxminən 60 saat (!) davam etdi. Paltardəyişmə otağında pivə şüşələrini bir-birinin ardınca boşaldan və komanda yoldaşlarının şərəfinə mahnılar oxuyan futbolçu ordan İstanbulun gecə klublarından birinə yollandı. O, həmin məkanda “Formula-1” pilotu Corc Rassell ilə birlikdə səhərə qədər əyləndi. Bazar günü səhər saatlarında İstanbul küçələrində “Siti”nin oyunçularına rast gəlmək mümkün idi. Onlar yenə də mahnılar oxuyub əylənirdilər. “Şəhərlilər”in təyyarəsi İstanbulu səhər saat 7-də tərk etdi. Bəzi oyunçular klub tərəfindən Mançesderdə birgecəlik zəbt edilən restoranda qələbəni qeyd etdilərsə, Qriliş, Erlinq Holann, Kayl Uoker və digər oyunçular şəxsi təyyarə tutaraq İbitsa adasına yollandılar. Özü də cəmi birgünlüyə. Çünki bazar ertəsi “Siti”nin öz doğma şəhərində treblə həsr olunmuş parad keçirilməliydi. İbitsada yenə də əlindən pivə şüşələri düşməyən və dəfələrlə ordakılar tərəfindən görüntülənən Qriliş səhər saat 06.30-a qədər əylənməkdə davam etdi. Oteldən ayrılarkən futbolçu artıq ayaq üstə durmaqda çətinlik çəkirdi. O məkanı yalnız Uokerin köməyi ilə tərk edə bildi. Bazar ertəsi səhər saat 10-da Mançesterdə minlərlə fanatın iştirakı ilə böyük parad başladı. Qriliş əlində içki ilə yenə görüntülənərək “2 gündü yatmıram” ifadəsini işlətdi. Bu tədbirdə onun başqa içkilər də içdiyi görünürdü. Komanda üstüaçıq avtobusla şəhərdə dövrə vurarkən güclü yağış yağırdı. Buna baxmayaraq, ingiltərəli futbolçu əynindəkiləri çıxararaq və əllərini yana açaraq yağışın altında “çimməyə” başladı. Həmin şəkil, çox güman, hələ uzun müddət xatirələrdən silinməyəcək. Günün sonunu o, təbii ki, yenə Mançesterdəki gecə klublarından birində keçirdi. “Siti”nin qapıçısı Ederson jurnalistlərə bunları dedi:
“Bu, sadəcə, dəlilik idi. Amma 11 aylıq ağır zəhmətdən sonra uğuru qeyd etməyə məcbursan. Komandanın 99 faizi doyunca içib əyləndi. Bəziləri içkini yalnız bazar ertəsi səhər dayandırdı. İçməyən yalnız Natan Ake oldu. O, ümumiyyətlə, spirtli içki qəbul etmir. Ondan başqa da içməyənlər var idi. Amma bu zəfər onların da başını gicəlləndirdi. Məsələn, Ruben Diaş bu vaxta qədər dilinə içki vurmamışdı. Amma sonluq yaxşı olmadı. O, özünü pis hiss etdi və qaytarmağı gəldi. Özü də düz Qrilişin anasının çantasının içinə qaytardı”.
Bu hadisələr İngiltərə yığmasının “Siti”dən olan üzvlərinin dünən keçirilən Maltaya qarşı oyunu buraxmaları ilə nəticələndi. Onların adı oyunun iştirak ərizəsinə salınmadı. Təbii ki, oyunöncəsi mətbuat konfransında yığmanın çalışdırıcısı Qaret Sautqeyt bu mövzuya da toxunmalı oldu:
“Hər şeyin bir çərçivəsi olmalıdı. Amma biz onsuz da “Siti”nin oyunçularını Malta ilə oyunun iştirak ərizəsinə salmağı planlaşdırmırdıq. Bu, ilk belə hal deyil. Son 3-4 ildə dəfələrlə belə durumla qarşılaşmışıq. Onlara özlərinə gəlmələri və başverənləri dərk etmələri üçün vaxt vermək lazımdı. Onlarla artıq söhbət etmişəm. Bu məsələni öz aramızda yoluna qoyacağıq. Mənim oynadığım dönəmdə də belə şeylər olurdu. Bizim vaxtımızda içməyən oyunçu nadir tapıntı idi. Amma indi fərq ondadı ki, hər kəsin əlində telefon var və futbolçuların görüntüləri sosial şəbəkələrə düşür. Bizim dövrümüzdə belə şeylər olsaydı, oyunçular daha ciddi problemlərlə üzləşərdilər. İstəməzdim ki, belə şeylər ictimaiyyətin müzakirə mövzusuna çevrilsin”.


