Oyunun nəticəsindən başqa matçda diqqətimizi çəkən məqamlardan biri "Bank Respublika Arena"da aparılan təmir işləri idi. Stadionun işıqlandırma sistemində, "skay-boks"larda, jurnalistlər üçün otaqda bir sıra dəyişikliklər edilir. Əldə etdiyimiz məlumata görə, klub UEFA-dan Konfrans Liqasındakı oyunlarını doğma meydanda keçirməklə bağlı müsbət siqnal alıb. Bu səbəbdən də rəhbərlik arenada bu dəyişikliklərin edilməsinə qərar verib. Məsələ ilə bağlı "Sabah"ın rəsmi mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov "Football-plus.az"a açıqlamasında bunları söylədi:
"UEFA-nın stadionlarla bağlı avrokubok oyunlarının qəbul edilməsi üçün təyin etdiyi müəyyən kriteriyalar var. Hazırda "Bank Respublika Arena"da görülən işlər məhz bu kriteriyalara uyğunlaşmağa hesablanıb. İşlər sürətlə davam edir. Yaxın günlərdə Konfrans Liqasında ev oyunlarımızı hansı stadionda keçirəcəyimizə aydınlıq gələcək".
İLKİN SULTANLI






