Çempionşip təmsilçisi ''Vest Bromviç''də çıxış edən türkiyəli yarımmüdafiəçi Okay Yokuşlu diqqətçəkən bir mükafat qazanıb.
"Football-plus.az" xəbər verir ki, o, ''Vest Bromviç''də mövsümün ən yaxşı oyunçusu seçilib! Özü də səsvermə klubun üzvləri arasında aparılıb.
Yəni Okay faktiki olaraq öz komanda yoldaşları tərəfindən bu ada layiq görülüb. 29 yaşlı dayaq yarımmüdafiəçi bu mövsüm 37-si çempionşipdə olmaqla 40 rəsmi oyuna çıxıb və 3 qol vurub. Türkiyədə ''Kayserispor'' və ''Trabzonspor''da çıxış etmiş Okay 2018-dən bu yana legioner həyatı yaşamaqda davam edir.
O, 2018-də transfer olunduğu ''Selta''da 2,5 il forma geydikdən sonra icarə əsasında yarım mövsüm ''Vest Bromviç''də, 1 mövsüm ''Xetafe''də çıxış etmişdi. Onun oyununu bəyənən ingilislər ötən yay Yokuşlu ilə üçillik müqavilə imzalamışdılar.
''Vest Bromviç'' çempionşipdə sona 1 tur qalmış 8-ci pillədə qərarlaşsa da, komandanın hələ də ilk ''6-lığ''a düşmək şansı var. Okayın bu cür inamlı performansdan sonra yenidən Türkiyə yığmasına dəvət alacağı gözlənilir.
ƏLİ