“Football-plus.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, cümə günü gerçəkləşəcək “Fakel”lə qarşılaşmadan öncə də “Dinamo”nun ev oyunlarını keçirdiyi Lev Yaşinin adını daşıyan arenada yubiley tədbiri davam etdirləcək.
Moskva klubu azərbaycanlı futbolçular üçün də yad məkan sayılmır. 2014-cü ildə dünyasını dəyişən Ələkbər Məmmədov 1953-59-cu illər aralığında paytaxt təmsilçisinin heyətində 92 oyuna çıxıb və 43 dəfə fərqlənib. 1992-ci ildə isə Vəli Qasımov “Dinamo”nun uğurları üçün tər töküb. Hücumçu Rusiyanın ilk müstəqil çempionatında “ağ-göylər”in heyətində 17 oyunda 16 dəfə rəqib qapılarına yol tapmaqla həm çempionatın, həm də komandanın ən sərrast futbolçusu adını qazanıb.
Görəsən, “Dinamo” rəhbərliyi klubun tarixinə adını yazdıran Vəli bəyi yubiley tədbirinə dəvət edib? Bu suala cavab tapmaq üçün Vəli Qasımovla əlaqə saxladıq:
“Açığı, yubiley mərasiminin keçirilməsindən xəbərsizəm. İndi mənimlə bir yerdə oynayan uşaqlarla əlaqə saxlayıb maraqlanacam”.
Vəli bəy bir neçə dəqiqədən sonra yenidən redaksiyamızla əlaqə saxlayıb bunları söylədi:
“Sizdən sonra Moskva ilə əlaqə saxladım. Bütün veteranlar yubiley tədbirindən narazıdı. “Dinamo”nun heyətində 250 oyun keçirən futbolçuları belə yada salmayıblar. Tədbirdə əsasən ötən əsrin 40-50-ci illərində komandanın şərəfini qoruyan, hazırda dünyasını dəyişən veteranlarla bağlı şəkillər göstərilib. Görünür, “Dinamo”nun indiki rəhbərliyi 90-cı illərdə komandada çıxış edənləri yada salmaq istəmir”.
RƏŞAD


