"Sabah" tarixində ilk dəfə avrokuboklara vəsiqəni rəsmiləşdirdi. Murad Musayevin komandası bu uğura "Qəbələ"ni 3:2 hesabı ilə məğlub etdiyi oyunda imza atdı.
"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komanda oldu. Bunu nəzərə alaraq “Sabah”ın sabiq baş məşqçisi Elşad Əhmədova tribuna verdik:
“Klubun prezidenti Maqsud Adıgözəlov başda olmaqla rəhbər heyəti və klub üzvlərini təbrik edirəm. Hər birinin tarixi uğura gedən çətin yolda əvəzsiz əziyyəti var. Mənim də bu işdə qismən payımın olması qürurvericidi. İnşallah, avrokubok oyunlarında da üzümüzü ağ edəcəklər. Hazırki komanda Murad Musayevin başçılığı altında doğru istiqamətdə irəliləyir. Ölkə çempionatında keçirilən oyunlarda baxımlı və maraqlı performans sərgiləyirlər. “Sabah” qısa müddətdə “Qarabağ” və “Neftçi”dən sonra ən çox azarkeş dəstəyi olan kluba çevrilib. Ümid edirəm ki, büdrəmədən yola davam edəcəklər”.
KƏNAN BAHADIR