“Qarabağ”ın hücum tandemi yeni rekorda imza atdı

13.03.2023 13:09 237
Premyer-liqa
“Qarabağ”ın hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayev Misli premyer-liqasında yeni rekorda imza atıb.

"Football-plus.az" xəbər verir ki, adıçəkilən futbolçular cari mövsüm ümumilikdə 35 qol vuraraq buna nail olublar.

Premyer-liqanın 26-cı turunda “Səbail” üzərində 3:0 hesabı ilə qalib gəldikləri matçda Qurbanlı fərqlənərək, qollarının sayını 18-ə çatdırıb. Şeydayevin aktivində isə 17 top var.

Cütlük 2008-ci ildən Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordunu müəyyənləşdiriblər. Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012/2013 mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.