"Soçi"nin analtiki Aleksandr Veryaskin Rusiya mətbuatına maraqlı müsahibə verib.
"Football-plus.az" xəbər verir ki, o, komandasının "Keşlə" ilə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki oyunlarını xatırlayıb: "Keşlə" hazırlıq baxımından maraqlı rəqib idi.
Rusiya premyer-liqasındakı bütün məşqçilər rəqib komandaları və futbolçuları çox yaxşı tanıyırlar. Lakin Konfrans Liqasında kimlə oynayacağımızı bilmirdik. Belə matçlarda analitikin işi daha önəmlidi. Həm də "Keşlə"nin mövsümlərarası fasilədə heyətinin yarısı dəyişmişdi. Onlar haqda məlumatları sıfırdan topladıq. Bizimlə oyunda isə iki futbolçuları cəzalı olduğu üçün çıxış edə bilməyəcəkdi. Yəni "Soçi"yə qarşı tam yeni komanda meydana çıxacaqdı. Son mövsümün oyunlarına görə hazırlaşmaq mümkün deyildi. Həm də "Keşlə" toplanışda yoxlama görüşlərini ancaq Azərbaycan klublarına qarşı keçirmişdi. Rəqibin oyunlarının videogörüntülərinin tapılmaması riski var idi”.
- Bəs necə oldu? Sonda "Keşlə"nin oyunlarının videosunu tapa bildiz?
- Vova Antonov toplanış zamanı Azərbaycan klublarının birinin mətbuat katibi ilə əlaqə yaratdı. Daha sonra isə digər komanda ilə əlaqə quruldu. Bir neçə cəhddən sonra toplanış dövründə “Keşlə” ilə qarşılaşan tam başqa komandanın operatorundan görüntüləri ala bildik. Həmin video əsasında matça hazırlaşa bildik.
Qeyd edək ki, 2021/22 mövsümündə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Soçi" "Keşlə" ilə üz-üzə gəlib. İlk oyunda rusiyalılar 3:0 hesablı qələbə qazanıb. Bakıdakı qarşılaşmada isə "Keşlə" rəqibinə 2:4 hesabı ilə məğlub olub. Bir sözlə, azərbaycanlı operatorun sayəsində "Soçi" "Keşlə"ni tam incələyib.
Burda təəccüblənməyə ehtiyac yoxdu. Ölkə futbolunda o qədər belə iyrənclik olub ki...
İLKİN SULTANLI