Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər kuboku davam edir.
Yarışın beşinci günündə final döyüşlərinə start verilib. Həlledici görüşlərdə öncə 2 milli üzvü rinqə çıxıb. Yeniyetmələrin mübarizəsində Banuçiçək Nəsirli (46 kq) macarıstanlı Roksana Talpası 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.
Onun uğurunu Emili Rzayeva da təkrarlayıb. Gənclərin yarışında 66 kq-da rinqə çıxan Avropa çempionu serbiyalı Anastasiya Boşkoviçdən güclü olub - 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29).
Nəticədə milli komandamızın qazandığı medalların sayı 8-ə çatıb. Nəsirli ilə Rzayevadan öncə məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokunun sonuncu günündə daha 3 boksçumuz final qarşılaşmasına çıxacaq. Gənclərdə Lalə Mədətova (48 kq) rumıniyalı Mihaela Badesku, Aynur Mikayılova (52 kq) serbiyalı Draqana Yovanoviç, böyüklərdə Şəhla Allahverdiyeva ingiltərəli Dion Burman ilə üz-üzə gələcək.