Toplanışın ilkin mərhələsi “ASK Arena”da başlayıb. “Şamaxı” artıq dünən Antalyaya yollanıb. 11 gün davam edəcək toplanış ərzində 3 yoxlama oyunu da baş tutacaq. İlk olaraq yanvarın 11-də Qazaxıstan "Kaysar"ı və Rumıniya "Botaşani"siylə qarşılaşacaq bölgə təmsilçisi son oyununu 18-də Serbiya "Napredak"ına qarşı keçirəcək.
Komanda həmçinin bir neçə futbolçu ilə yolları ayırıb, əvəzində isə bir oyunçu transfer olunub. Xəbər verdiyimiz kimi, Adil Nağıyev icarə əsasında çıxış etdiyi “Şamaxı”dan ayrılaraq müqavilə ilə məxsus olduğu “Səbail”ə qayıdıb. Bundan sonra isə komanda heyətinə bir futbolçu cəlb edib. Söhbət “Səbail”dən ayrılan Emin Zamanovdan gedir. Yarımmüdafiəçi ilə ilyarımlıq müqavilə bağlanıb. Müdafiəçi Abdulla Rzayevlə hücumçu Uğur Cahangirovla müqaviləyə isə qarşılıqlı razılıq əsasında xitam verilib. Deyilənə görə, hədəfdə “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimlidi. Komandanın məşqçilər korpusu rəhbərliyə onun xidmətində maraqlı olduqlarını bildirib.
Planlarla bağlı məlumat almaq üçün klubun baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq. Həmsöhbətimiz ad çəkməsə də, “Qarabağ”la bağlı xəbəri təsdiqlədi:
"Hələ ki rəsmən Emin Zamanovu komandaya cəlb etmişik. Amma ola bilər ki, yaxın günlərdə daha iki futbolçunun adı açıqlansın. Bir-iki xırda məsələ qalıb. Onu da bildirim ki, biz 3 yox, 5 futbolçu ilə yolları ayırmışıq. Bunlar Samir Qurbanov, Bəhruz Teymurov, Adil Nağıyev, Abdulla Rzayev və Uğur Cahangirovdu. Mətbuatda yazıldığı kimi, "Sabah" və "Zirə"nin futbolçuları ilə danışıq aparmırıq. Belə bir məsələ gündəmdə deyil. Fikrimiz var ki, "Qarabağ"ın rəhbərliyi ilə Antalyada görüşək və bəzi məsələləri müzakirə edək. İndi futbolçuların adını, transfer olacağını və ya icarəyə götürüləcəyini deməyi düzgün saymıram. Ona görə ki, danışıqlar baş tutmaya, nəticə fərqli ola bilər. Amma onu dəqiq deyə bilərəm ki, "Qarabağ" rəhbərliyi ilə danışıq aparacağıq. Müsbət nəticə çıxsa, sözsüz ki, o da açıqlanacaq. Bizə uyğun, razılıq əldə edə biləcəyimiz futbolçular olsa, transferlərə davam edəcəyik. Olmasa, bu işi bitirə də bilərik. Komandadan başqa kiminsə ayrılacağını konkret deyə bilmərəm. İstənilən halda, belə bir şey olsa, mətbuata açıqlama veriləcək".
ŞAİR ABDULLA


