İlin sonuna sayılı günlər qalmış premyer-liqa və birinci divizion oyunlarına təyinat alan AFFA nümayəndələrini çətin sınaq gözləyir.
Redaksiyamıza daxil olan məlumata görə, dekabrın 21-də Hakim və Hakim-İnspektorlar Komitəsi nümayəndələri imtahana çəkəcək. Və ən əsası, əvvəlki sınaqlardan fərqli AFFA nümayəndələri 10 yox, 30 suala cavab yazmalıdı. Sulallara 80 faiz düz (26 sual) cavab verənlər qış fasiləsindən sonra da fəaliyyətlərini davam etdirə biləcək. İmtahandan kəsilənlər isə “oyundankənar vəziyyətə düşəcək”.
Bizimlə söhbətdə adının çəkilməsini istəməyən, hazırda nümayədə kimi oyunlara təyinat alan şəxs onu da bildirdi ki, komitə rəhbərliyi yaşı 65-dən yuxarı olanlarla yolları ayırmaq fikrindədi. Artıq nümayəndələrə yaş həddi tətbiq olunacaq. Bu isə yaşı 65-dən yuxarı olanları qane etmir:
“Həyatımızın çox hissəsini futbola həsr etmişik. Karyeramızı başa vurandan sonra da bu sahədə fəaliyyət göstərmişik. İndi yaş həddi müəyyənləşdiriblər. 65 yaşı tamam olanlara təyinat verməyəcəklər. Mən əmək qabiliyyətimi itirməmişəmsə, nəyə görə kənarda qalmalıyam? Bizdən ingilis dilini bilməyi, kompüterdə mükəmməl işləməyi tələb edirlər. AFFA nümyəndəsi ingilis dilində mükəmməl yazmağı və danışmağı, kompüterdə yüksək səviyyədə işləməyi bilsəydi, yayın qızmaq istisində, qışın soyuğunda stadionları niyə gəzirdi, daha yüksək maaşla başqa sahədə çalışardı”.
Mənbəmiz bizimlə söhbətdə onu da bildirdi ki, yaş limitinin tətbiq olunmasından sonra Asif Əliyev, Rüfət Əmirov, Mübariz Hüseynov, Əsgər Əmirəli, Ramiz Abdullayev, Asim Xudiyev kimi təcrübəli mütəxəssislər kənarda qalacaq.
*****
Hörmətli AFFA nümayəndələri,
Nəzərinizə çatdırırıq ki, 21.12.2022-ci il tarixdə AFFA nümayəndələri üçün yeni imtahan keçiriləcək. Bunu nəzərə alaraq, xahiş edirik aşağıdakı məlumatları diqqətdə saxlayasız. Kriteriyalarla əlavədə tanış ola bilərsiz.
İmtahan yeri, tarixi və saatı: AFFA inzibati binası (konfrans zalı, 1-ci mərtəbə), 21.12.2022, 10:30 – 11:30.
İmtahana gələrkən özünüzlə şəxsiyyət vəsiqənizi gətirməyinizi xahiş edirik.
Suallar bu bölgü ilə olacaq: əsasnamə - 20 sual, Əsasnaməyə və oyunun təşkilinə aid məntiqi sualar – 10 sual.
Sualların 85%-nə (26 sual) düzgün cavab verən nümayəndələr imtahanı uğurla keçmiş sayılacaqlar.
İmtahanların nəticələri birbaşa təyinatlara təsir edəcək.
İmtahan zamanı bütün telefonlar söndürülməlidir və imtahana Əsasnamə ilə gəlmək olmaz.
İmtahanı uğurla başa vuracağınız təqdirdə müəyyən müddətdən sonra kompyuter bilikləriniz yoxlanılacaq. Tezliklə hesabatlar online sistemdə tətbiq olunacağı üçün bu artıq çox vacibdir.
İmtahana PFL tərəfindən seçilmiş nəzarətçilər nəzarət edək və qaydaları pozan şəxslər (köçürməyə cəhd edən, danışan və suallar verməyə çalışan şəxslər) otaqdan çıxarılacaq və onların imtahanda uğurlu olmadıqları hesab olunacaq.
Kriteriyalarla əlavədə tanış ola bilərsiniz.
Sizdən xahiş olunur ki, imtahanın detalları ilə bağlı Peşəkar Futbol Liqasının əməkdaşlarına zəng vurmayasınız.
AFFA nümayəndəsi olmaq üçün tətbiq olunacaq kriteriyalar
1. Azərbaycan vətəndaşı olmalıdır
2. Yaş həddi: 30-65 arası
3. Futbol sahəsində minimum 8 il iş təcrübəsi (əyani sübut) eləcə də yerli və ya beynəlxalq oyunların təşkili sahəsində minimum 4 il təcrübə (əyani sübüt)
4. Hazırda çalışdığı qurumda şöbə və ya department rəhbəri olmalıdır
5. Futbol klublarının əməkdaşları tərəfindən tanınmalı imici müsbət olmalıdır
6. Ali təhsil (əyani sübut)
7. Azərbaycan dilində səlis danışmaq və yazmaq qabiliyyəti. İngilis və rus dili bilikləri əlavə üstünlükdür
8. Kompyuterdə mükəmməl işləmək bacarığı. E-mail və digər əsas proqramlar (yerində yoxlanılacaq)
9. Liderlik və idarəetmə bacarığı
10. Stressli və kritik situasiyaları idarəetmə bacarığı
11. Əsasnamə, oyun qaydaları, ümumi futbol bilikləri
12. Peşəkar Futbol Liqasının tərtib etdiyi imtahan suallarının 85 faizini düzgün cavablandırmalıdı (30 sualdan 26 sualı minimum)
Bütün bu kriteriyalar yerinə yetirdildikdən sonra imtahana qatıla bilər. Bütün rəsmi prosedurlar yekunlaşdıqdan sonra şəxsin oyunlarda nümayəndə kimi təmsil olunub-olunmayacağına yekun olaraq Peşəkar Futbol Liqasının İdarə Heyəti qərar verəcək.
RƏŞAD