Ölkə kubokunun 1/4 finalının ilk oyunları arxada qaldı.
Yetərincə maraqlı və məhsuldar keçən qarşılaşmalarda gözlənilməz nəticələr də qeydə alındı. Sözü çox uzatmadan şansları dəyərləndirməyə çalışacağıq.
İstər "Zirə", istərsə də, "Neftçi" mövsümə elə də uğurlu başlamayıb. Hər iki komanda qeyri-sabit çıxışla azarkeşlərini üzür. Buna rəğmən, "qartallar" 3 oyundu toparlanmağa çalışdıqları halda, "ağ-qaralar"ın cəbhəsində üzlər hələ də gülmür. Çempionluq yolunda "Qarabağ"a doğma meydanda 0:4 hesabıyla uduzan "Neftçi"dən kubokda "Zirə" üzərində qələbə gözlənilirdi. Amma səfərdə növbəti məğlubiyyət qeydə alındı. Yenilgiylə yanaşı, Laurentsiu Regekampfın komandasının oyun planında da problemləri gözə dəydi. "Ağ-qaralar" ilk görüşdəki kimi oynasa, kompakt və etibarlı müdafiə olunmaqla əks-hücumlara bel bağlayan rəqibini üstələyə bilməyəcək. Çempionatda işləri yaxşı getməyən “Neftçi”nin kubokda da mübarizəni dayandırması xoş olmayan klubdaxili ab-havanı daha da gərginləşdirəcək.
"Qarabağ" - "Qəbələ" matçının nəticəsini sensasiya adlandırsaq, yanılmarıq. Heç kim çempionatın dominant komandasının bölgə təmsilçisi önündə dalana dirənəcəyini gözləmirdi. Çoxları Elmar Baxşıyevin yetirmələrinin komanda şəklində müdafiə olunacağını gözləsə də, bölgə təmsilçisi son çempiona qarşı qətiyyətli oyunla təəccübləndirdi. Gənc Emil Səfərovun qol vurub, komandasını fasiləyə üstün yollaması Ağdam təmsilçisi üçün “soyuq duş” oldu. Düzdü, ikinci hissədə Musa Qurbanlı dubl etməklə komandasını hesabda önə çıxardı. Bununla belə, oyunun sonlarında Omar Hani tarazlığı bərpa etməklə "Qəbələ"nin “asan yem” olmayacağını göstərdi. Odu ki, "köhlən atlar" üçün "qırmızı-qaralar"la səfər matçı ölüm-dirim savaşı olacaq. Qapıçı Səlahət Ağayevin sıraya dönməsi də qəbələli futbolçuların daha yaxşı motivasiya ilə meydana çıxmasını şərtləndirəcək. Cavab görüşündə hansı komandanın hesabı açmasından da çox şey asılı olacaq. Ağdamlılar gücünə və potensialına görə rəqibini üstələsə də, cütün qalibi ilə bağlı qəti fikir yürütmək çətindi.
Kubokda qərb derbisi kimi iz qoyan "Kəpəz" - "Turan Tovuz" matçında iki fərqli hissə gördük. Hesabı meydan sahibləri açsa da, Ayxan Abbasovun komandası təslim olmayaraq sona qədər döyüşüb əzmkar qələbə qazandı. "Kəpəz"in kapitanı Tural Axundovun penaltini qaçırması da "boz qurdlar"ın işinə yaradı. Kapitanın 11 metrlik cərimə zərbəsindən sonra top toru silkələsəydi, gəncəlilər, yəqin ki, ağır Tovuz səfərinə tam fərqli əhval-ruhiyyədə yollanacaqdı. İndiki durumda isə "Turan Tovuz"un doğma meydanda "Kəpəz"ə uduzacağı o qədər də real görünmür.
Çempionatda uğursuz çıxışla diqqəti çəkən "Səbail" doğma meydanda "Sabah"ın qapısına 3 dəfə yol tapsa da, böyükhesablı qələbəni qoruya bilmədi. Murad Musayevin komandası xarakter göstərməklə iki topun əvəzini çıxdı. Özü də qonaqlar bunu azlıqda oynamaqla bacardı. Odu ki, "bayquşlar"ın cavab görüşünə daha istəkli çıxacağı şübhə doğurmur. Böyük ehtimalla Masazır təmsilçisi doğma publika önündə "dənizçilər"i batıracaq.
ABDULLA İSMAYILOĞLU