ATP və Bax rusların himayədarı roluna!

10.12.2022 21:41 284
İdman
Rusiyanın Ukrayna təcavüzünün 10-cu ayını yaşayırıq.

Bu ağlasığmaz müharibənin ilk günlərindən Putinin işğal planlarına sərt şəkildə etiraz edən, Rusiya təmsilçilərinin yarışlarda iştirakına icazə verməyən dünya idmanında, deyəsən, mövqe yumşalması gedir. Daha doğrusu, rusların mövqelərinin güclü olduğu bəzi idman növlərində bu tendensiya açıq-aşkar görünür. Belə ki, Peşəkar Tennisçilər Assosiasiyası (ATP) builki “Uimbldon” turnirində rusiyalı və belaruslu tennisçilərin iştirakına icazə verməyən Britaniya Laun-tennis Assosiasiyasına (LTA) 1 milyon dollar (822 min funt sterlinq) cərimə kəsib. Eyni zamanda qurum gələn il də rus və belaruslu tennisçilərin “Böyük dəbilqə” seriyalı turnirdə iştirakına qadağa qoyacağı təqdirdə ATP sıralarından uzaqlaşdırılacağı ilə təhdid olunur. LTA rəhbərliyi artıq ATP-nin qərarından məyus olduğunu bəyan edib. Bir müddət əvvəl Qadınların Tennis Assosiasiyası (WTA) da Britaniya Laun-tennis Assosiasiyasını eyni cəzaya məruz qoymuşdu. “The Telegraph” iddia edir ki, “Uimbldon”un təşkilatçıları artıq qadağanı aradan qaldırmağın mümkünlüyünü nəzərdən keçirir. Bu qaynağa inansaq, təşkilatçılar qalan bütün tennis dünyası ilə mübarizə aparmaq istəmir. Onları narahat edən məqam həm də budu ki, ardıcıl iki il iştiraka icazə verməsələr, ATP ilə WTA-in əvvəlki reaksiyası üzündən turnir dəyərsizləşəcək.

Bu arada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax də məsələyə münasibət bildirərkən Britaniya hökumətini qınayıb:

“Bəli, hökumət siyasil mülahizələr əsasında kimlərin idman yarışlarında iştirak edə biləcəyinə qərar verməməlidi. Təəssüf ki, Britaniya hökuməti bu yolda tək deyil. Hərçənd bu hökumət BOK-un siyasi neytrallığını qorunması ilə bağlı qətnaməsini dəstəkləməyib. İdman qurumları idmançıları idmanın tam siyasiləşməsindən qorumağa çalışmalıdılar. Bu gün bunlar Rusiya və Belarusdu, sabah başqa ölkələr olacaq, onda da qlobal idman aradan qalxacaq. Bu üzdən biz birləşdirici güc olmaq, idmançıları idmanın tam siyasiləşməsindən qorumaq üzərində çalışmalıyıq”.


Xatırladaq ki, builki Uimbldon turnirində kişilər arasında serb Novak Cokoviç, qadınlar arasında isə qazaxıstanlı Yelena Rıbakina qalib gəlib. ATP və WTA Rusiya və Belarus təmsilçilərinə qoyulan qadağa üzündən qalan tennisçilərə turnirda iştiraka görə reytinq xalı hesablamayıb.