Beynəlxalq Boks Assosiasiyası (IBA) oktyabrın 5-də Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərarı ləğv edib.
Qurumun Direktorlar Şurası əvvəlki qərarın ləğvi, həmçinin Rusiya və Belarusdan olan boksçuların dərhal yarışlarda iştirakına icazə verilməsi üçün səs verib. “IBA qəti şəkildə hesab edir ki, siyasət idmana heç bir təsir göstərməməlidi. Ona görə də bütün idmançılara bərabər şərait yaradılmalıdı. Qurum beynəlxalq idman federasiyası kimi öz muxtariyyətinə hörmət etməklə yanaşı, siyasi cəhətdən neytral və müstəqil qalmalıdı”, - deyə qurumdan verilən açıqlamada qeyd olunub.
Həmçinin vurğulanıb ki, IBA bütün ölkələri sülhə çağırır və istənilən münaqişədə sülhməramlı olaraq qalır:
“Bundan başqa, IBA-dan milli mənsubiyyətindən və yaşayış yerindən asılı olmayaraq, idmançılara və yarış rəsmilərinə bərabər münasibəti təmin etmək tələb olunur. Qərara əsasən, Rusiya və Belarusdan olan hakimlər və texniki rəsmilər də yarışlara qayıdacaqlar”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya fevralın 24-də başlayan hərbi təcavüzü üzündən Rusiya və Belarus boksçularının Beynəlxalq Boks Assosiasiyasının himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoyulmuşdu. Təbii ki, indi qərarın dəyişməsində quruma Umar Kremlyovun rəhbərlik etməsi, daha doğrusu, onun Direktorlar Şurasının üzvlərinə təzyiqi önəmli rol oynayıb.
Gözlənildiyi kimi, bu qərar xoş qarşılanmayıb. IBA prezidenti postuna sabiq namizəd – niderlandlı Boris van der Ferstin reaksiyası:
“Rusiyalı və belaruslu boksçuların yarışlarda iştirakına icazə verilməsi ilə bağlı qərar neytrallıq siyasətinə söykənmir və dünya boks ictimaiyyətinin maraqlarını nəzərə almır. Aydın məsələdi ki, IBA Rusiyadan olan rəhbərliyin girovuna çevrilib. Kremlyov nəyin bahasına olur-olsun, rəhbər orqanı nəzarəti altında saxlamaqda qərarlıdı”.