“Vugar Gashimov Memorial-2022”nin start tarixi açıqlandı

24.11.2022 20:10 387
İdman / Manşet
Dekabrın 17-dən 24-dək Bakıda dahi şahmatçı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək.

On şahmatçının qatılacağı yarış rapid və blits üzrə təşkil olunacaq. Turnir “Vüqar Həşimov” Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “Fairmont Baku” hotelində baş tutacaq.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2 (2016, 2017) və ABŞ təmsilçisi Fabiano Karuana (2021) 1 dəfə turnirin qalibi olub. 2020-ci ildə isə koronavirus pandemiyası üzündən təşkil olunmayıb. Bu dəfə isə dünya şahmat tarixində ilk dəfə innovativ yeniliklərdən istifadə olunacaq.

Qeyd edək ki, ötən il turnir üçün yeni loqo hazırlanıb. Qara fonda, ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərin birrəngli təsviri əsasında yaradılıb.

Yarışın baş direktoru Anar Allahverdiyev çıxış edərək bəzi detallara aydınlıq gətirdi:

"Turnir bu il 17-24 dekabrda təşkil olunacaq. "Fairmont" hotelində dairəvi sistem üzrə keçiriləcək yarışın 2 iştirakçısı artıq məlumdu. Bunlar Şəhriyar Məmmədyarov və rumıniyalı Riçard Rapportdu. Digər şahmatçıların adları və mükafat fondu yaxın vaxtlarda açıqlanacaq. Turnir üçün açılış və bağlanış mərasimləri nəzərdə tutulub. Maraqlı tədbir planlaşdırılır. İştirakçılar arasında gənclərə daha çox üstünlük veriləcək".

Turnirin baş hakimi Lütfiyar Rüstəmov isə bunları söylədi:

"İlk 3 gündə rapid üzrə 9 tur oynanılacaq. Hər şahmatçı 1 gündə 3 görüş keçirəcək. Birgünlük fasilədən sonra 10 şahmatçı bir-biri ilə 2 dəfə qarşılaşmaq şərti ilə blits üzrə ümumilikdə 18 turda qüvvəsini sınayacaq. Xalların hesablanması qaydası barədə isə yaxın günlərdə məlumat veriləcək. Ya hər qələbə üçün 3, heç-heçəyə görə 1 xal veriləcək, ya da rapiddə qaliblər 2, “sülh”ə razılaşanlar 1 xal, blitsdə isə qələbə qazananlar 1, heç-heçə edənlər 0,5 xal qazanacaq".

ŞAİR ABDULLA