Sabah Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunan bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı Bakı çempionatı keçiriləcək.
“Football-plus.az” saytının məlumatına görə, bədii gimnastika üzrə yarışda balacalar (2012-14-cü illər) fərdi çoxnövçülük, alətsiz, top və halqa, yeniyetmələr (2010-11-ci illər) fərdi çoxnövçülük, halqa, top və gürzlərlə proqramı nümayiş etdirəcək. Gənclər (2007-09-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyasında mübarizə aparacaq gimnastlar fərdi çoxnövçülük, halqa, top, gürzlər, lentlə hərəkətlərin icrasında qalibi müəyyənləşdirəcək. Aerobika üzrə yarışlarda yeniyetmələr (2008-10-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər (2005-07-ci illər) isə yalnız fərdi qadınlar proqramında mübarizə aparacaq.
Qeyd edək ki, yarışa noyabrın 12-də yekun vurulacaq.