İspaniyalı futbolçu İtaliyada bıçaqlandı

29.10.2022 15:12 261
Dünya futbolu
Pablo Mari İtaliyada ağlagəlməz vəziyyətə düşüb. “Montsa”da çıxış edən tanınmış futbolçu bıçaqlanıb.

Football-plus.az xəbər verir ki, hadisə cümə axşamı Milan ətrafındakı Assaqo rayonunda yerləşən ticarət mərkəzində baş verib. Əqli qüsürlu şəxs ispanyalı futbolçu da daxil olmaqla bıçaqla 6 nəfərə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən 29 yaşlı Pablonun həyatı üçün təhlükə olmadığı açıqlanıb. Kürəyindən dərin bıçaq yarası alan futbolçu artıq əməliyyat olunub. “Montsa”nın baş direktoru Adriano Qalliani ilə baş məşqçisi Raffaele Palladino klinikaya baş çəkiblər. Qalliani onun daxili orqanlarının xəsarət almadığını və səhhətinin normal olduğunu bildirib. Ancaq Pablo təxminən iki ay futboldan kənarda qalmalı olacaq. Klub rəsmisi məlum səbəbdən A seriyasının “Bolonya” ilə oyununun təxirə salınmasını istədiklərini də əlavə edib:

“Montsa” Pablo Mariyə görə şokdadı. Bu hadisəyə görə növbəti oyunumuzun ertələnməsini xahiş etmişik. Bildiyimizə görə, liqanın rəhbərliyi müraciətimizə müsbət cavab verəcək”.


Qeyd edək ki, “Montsa” onu mövsüm ərəfəsində “Arsenal”dan icarəyə götürüb. Mari A seriyasının debütantının heyətində 8 matçda iştirak edib və 1 qol vurub. Onun düşdüyü vəziyyət, təbii ki, “Arsenal” rəbərliyini də narahat edir. İngiltərə klubunun yaydığı məlumatda belə deyilir:

“İtaliyada baş verən və mərkəz müdafiəçimiz Pablo Mari də daxil olmaqla bir neçə şəxsin xəstəxanaya düşməsinə səbəb olan hadisə hamımızı sarsıdıb. Futbolçumuzun agenti ilə əlaqə saxlamışıq, o bizə Pablonun çox da ciddi xəsarət almadığını bildirib. Bütün düşüncələrimiz Mari və insidentin digər qurbanları ilə birgədi”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul