“Qarabağ” cümə axşamı növbəti ciddi sınağına çıxacaq.
Football-plus.az xəbər verir ki, ağdamlılar Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”un qonağı olacaq. Artıq səfər planı da bəllidi. Qurban Qurbanovun komandası sabah Pireyə yollanacaq. Son ölkə çempionu çarter reysi ilə, səhər 10.30-da Bakını tərk edəcək. Elə həmin gün, Yunanıstan vaxtı ilə saat 16.30-da Qurban Qurbanovun mətbuat konfransı olacaq. Komandanın oyunöncəsi son məşqçi isə 21.00-da baş tutacaq. “Qarabağ” Afinada “İntercontinental Hotel”də məskunlaşacaq.
Çox güman, komanda Yunanıstana tam heyətlə yollanacaq. Zədəli Marko Yankoviçin durumu düzəlmək üzrədi. Monteneqrolu yarımmüdafiəçinin oyun günü meydana çıxıb-çıxmayacağı baş məşqçinin qərarından asılı olacaq.
İLKİN SULTANLI