U-17-nin məşqçilər korpusunda yer alan Həbib Ağayev yığmadan ayrılıb.
Mütəxəssis baş məşqçi Elxan Abdullayevin qərarına əsasən uzaqlaşdırılıb. Bunun səbəbini öyrənmək üçün Elxan bəylə əlaqə saxladıq. Onun məsələyə reaksiyası belə oldu:
“Həbib Ağayev mənim istəyimlə yığmadan kənarlaşdırılıb. Səbəb? Bu barədə açıqlama vermək istəmirəm. Bu, komandadaxili sirr kimi qalsın”.
Detalları aydınlaşdırmaq üçün Həbib Ağayevlə də əlaqə saxladıq:
"Elxan müəllimlə aramızda şəxsi problem yoxdu. İnsani münasibətimiz davam edir. Bir-birimizin hörmətini saxlayırıq. Sadəcə, iş məsələsində alınmadı. Fikirlərimiz düz gəlmirdi. Həmçinin Elxan müəllimin işlə bağlı istədiklərini ona verə bilmirdim. Düzdü, şəxsi işlərim, ailə qayğılarım da mane olurdu. Baş məşqçiylə söhbət etdik və ayrılmaq qərarına gəldim. AFFA ilə müqaviləm olsa da, qarşılıqlı razılıq əsasında xitam verildi. Hazırda istirahətdəyəm. Heç bir iş təklifi almamışam. Amma təkliflər olsa, nəzərdən keçirəcəm. Açığı, bir həqiqəti də vurğulamalıyam. Mən meydan adamıyam. Daim məşqçilik etmişəm. Bundan sonra klassik üslubda çalışmaq istəyirəm. U-17-dəki işimdən zövq ala bilməməyimin əsas səbəblərindən biri də daim kompüter arxasında olmağım idi. Mən klaviatura arxasında futbolla məşğul olmağa öyrəşməmişəm. Bu da hardasa Elxan müəllimlə işbirliyimizin alınmamasında rol oynadı. Gələcəkdə də ancaq meydanda məşqçilik etmək istəyirəm".
ABDULLA İSMAYILOĞLU