Tahir Süleymanov hakimlər briqadasını qınadı - AÇIQLAMA

13.09.2022 18:20 613
Premyer-liqa / Manşet
İki gün öncə Misli premyer-liqasının mərkəzi matçında "Qarabağ" "Sabah"ı qəbul etdi.

Oyun hər iki tərəfin sürətli hücumları şəraitində keçdi. Ümumilikdə 7 qolun vurulduğu oyunda "köhlən atlar" çətinliklə olsa da, azlıqda qalan "bayquşlar"ı 4:3 hesabı ilə məğlub etməyi bacardı.

Təbii ki, belə oyunlar mübahisəsiz keçmir. Bazar günü də bir neçə mübahisəli hakim qərarı diqqəti çəkdi. "Qarabağ"ın vurduğu birinci penalti zamanı topun Amin Seydiyevin əlinə dəyib-dəymədiyi sual doğurur. Əslində ikinci epizodda mübahisə doğuracaq məqam yoxdu. Çünki rəqib müdafiəçi həqiqətən Kadının qarşısını kobudluqla almışdı. Lakin bundan öncə top meydanı "Qarabağ"ın futbolçusundan tərk etsə də, oyuna yenə ağdamlılar daxil etdi. Mübahisə doğuran başqa məqam isə görüşün son saniyələrində "Sabah"ın vurduğu 4-cü qolun sayılmaması oldu. Hakimlər epizodu oyundankənar vəziyyət kimi dəyərləndirdi.

Bu məqamlara aydınlıq gətirmək üçün təcrübəli referi Tahir Süleymanovla əlaqə saxladıq. Görəsən, onun "Qarabağ" - "Sabah" matçını idarə edən İnqilab Məmmədov və köməkçiləri haqda fikri necədi? Süleymanovu dinləyək:
"Qarabağ" - "Sabah" matçında ayrı-ayrı epizodları şərh etmək öz yerində, ümumi idarəçiliyə qiymət verilməlidi. 6 tur keçsə də, hakimliklə bağlı etirazlar yüksələn qrafiklə irəliləyir. Tək bir görüşdə səhvlər olsa, fərdi olaraq qəbul etmək mümkündü. Problem hakimlik sisteminin, daha əhatəli yanaşılsa, ümumi futbol idarəçiliyinin özündədi.
Doğru hakim qərarları ilə yanaşı, oyuna damğa vuran kobud səhvlər də diqqəti çəkdi. Matç baxımlılığı, səviyyəsi ilə yanaşı, hakimlik adına həddən artıq kritik epizodlarla zəngin oldu. Hakimlər briqadası psixoloji cəhətdən məhsuldar oyunun ağırlığını qaldıra bilmədi. “Qırılma nöqtəsi” adi aut qərarının verilməməsi oldu. O epizodu, topun "Qarabağ"ın futbolçusundan çıxdığını görməmək mümkün deyildi. Onsuz da "Sabah"ın futbolçusuna qırmızı vərəqə göstərilmişdi, ikinci hissədə penalti də verilmişdi. Bu qərarlardan sonra yanlış aut, ardınca ikinci penalti, sonda isə “Sabah”ın sayılmayan qolu fərqli ab-hava yaratdı. Hakim qərarlarının böyük ölçüdə birtərəfli olması emosiyaları son həddə çatdırdı, hətta referinin doğru qərarları belə kölgədə qaldı. Ən önəmli məqamlardan biri VAR sisteminin aşırı təbliğatıdı. Sanki sistemin tətbiqindən sonra ölkə çempionatında hakimliklə bağlı problemlər aradan qaldırılacaq. Belə "maarifləndirilmənin" təsirindən epizodlara yanaşma, tələb son dərəcə fərqli istiqamətə yönəlib, matçı meydanda idarə edənlər ikinci plana keçib. Oyunun idarə olunmasına cavabdehliyi ilk növbədə baş hakim daşıyır! "Sabah" azlıqda qalandan sonra hakimlərə etiraz etmədi, mübarizəyə qoşulub oyunu çevirdi. Yəni bu matçda komandanı intizamsızlıqda günahlandırmaq insafsızlıq olar. Aut qərarına, haqsızlığa dözməyən baş məşqçi Murad Musayevin “qırmızı”sı onun yox, birbaşa hakimlərin günahı, qalmaqalın yaradılmasına səbəb olmalarıdı. Məşqçi nə qədər emosional, çılğın olsa da, epizodları ayırd edə bilir. Təbii, texniki zona tərk edilməməlidi. Belə hallarda özünü cilovlamaq asan deyil. Bir matçda qırmızı, iki penalti, davamında da son saniyələrdə sayılmayan qol... İstənilən oyunda hakim balansı qorumağı bacarmalıdı. Bu qədər kritik qərarın qarşılığında elementar aut epizodu "görünmürsə”, bu barədə artıq Barış Şimşək və onu AFFA-ya gətirənlər düşünməlidi".

ŞAİR ABDULLA