Bununla bağlı ötən həftə Bakı Olimpiya stadionunda tədbir təşkil olunmuşdu. Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Demirören Holding” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Demirören də iştirak etmişdilər.
“Misli” ölkə çempionatının əsas sponsoru olsa da, hələ ki, premyer-liqa matçlarının keçirildiyi stadionlarda onun reklam banerlərinə rast gəlinmir. Halbuki, əvvəlki sponsorların dönəmində hər arenada titullu sponsorların reklam lövhələrini görmək olardı, arenanın müəyyən hissəsi məhz sponsor üçün nəzərdə tutulurdu.
Məsələ ilə bağlı Footbal-plus.az saytına açıqlama verən PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev bununla bağlı müəyyən planların olduğunu söylədi:
“Sponsorluq məsələsi bir anın içində həll olunduğundan və çempionatın startına bir gün qaldığından bəzi məsələləri çatdırıb həll etmək mümkün olmadı. Qısa vaxtda hər şey yoluna qoyulacaq. Bir də tək baner məsələsi deyil. Başqa detallar da var ki, onları da həll edəcəyik. Bəzi planlarımız da var ki, onları hələ açıqlamaq istəmirəm”.
PFL və “Misli” arasında imzalanan sponsorluq müqaviləsinin maddi detalları da ictimaiyyətə açıqlanmayıb. Aslan bəylə söhbətdə bu mövzuya da toxunduq:
“Bundan öncəki sponsorlarla da müqavilə imzalananda anlaşmanın maliyyə detalları göstərilməmişdi. Bu məsələdə hər iki tərəfin razılığı olmalıdı. Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu”.
RƏŞAD



