U-19 Bosniya və Hersoqovina ilə qarşılaşacaq

5.08.2022 18:12 426
Dünya futbolu
19 yaşadək futbolçulardan ibarət yığma Bakıda təlim-məşq toplanışını başa vurub.

Miloş Velebitin komandası hazırlıq çərçivəsində 2 yoxlama oyununda qüvvəsini sınayıb. “Dalğa Arena”da keçirilən görüşlərdə yığma Belarusu 1:0 və 2:1 hesabı ilə məğlub edib. Beynəlxalq təcrübə baxımından bu matçlarda qeydə alınan nəticələr futbolçularımızın xeyrinədi.

Maraqlıdı, serbiyalı mütəxəssis bu haqda nə düşünür? Velebit hazırlıqdan razı qalıb? Belarus üzərində qələbələr millimizə xeyir verəcək? Onun cavabına keçid alaq:

“Hazırlıq prosesi çox yaxşı keçdi, razı qaldım. Uşaqlar özünü yaxşı tərəfdən göstərdi. İyulun 23-dən məşqlərə başladıq, 8 gün bir yerdə olduq. Hazırlığın ilkin mərhələsi ağır keçdi. Çünki futbolçular bərpa prosesindən keçirdilər. Bu müddətdə “Şamaxı”nın əsas komandası ilə yoxlama oyunu keçirdik. Bu qarşılaşmada heç-heçə etdik. Həmin görüşdə bütün komandanın xidmətindən yararlana bilmədik. Çünki futbolçuların bəziləri klublarının əsas heyətləri ilə birgə təlim-məşq toplanışında iştirak edirdi. Onlar iyulun 26-27-də bizə qoşuldular. Söhbət cəmi 5 futbolçudan gedir. Demək olar ki, onlar, sadəcə, Belarusla oyunlar üçün toplanışa qatıldılar. Təbii ki, qələbə sevindiricidi. Bu daha da yaxşı olmağımıza səbəb olacaq. Ümumiyyətlə, iyundan başladığımız hazırlıq dönəmini qənaətbəxş saymaq olar. Çünki 6 oyun keçirdik və heç birində uduzmadıq. 2 heç-heçə etdik, 4 qələbə qazandıq.

Bununla da öz oyunumuzu yaxşılaşdırdığımızı və keyfiyyəti, sabitliyi qoruyub saxladığımızı söyləyə bilərəm. Uşaqlar artıq özlərini daha yaxşı hiss edirlər. Məqsədimizin nə olduğunu daha yaxşı anlayırlar. Bu da sentyabrda Bolqarıstanda keçiriləcək seçmə mərhələdə işimizə yarayacaq. Ümid edirəm ki, futbolçularımda hansısa problemlər olmayacaq. Düzdü, bəzilərinin əsgərlik problemi var. Sentyabrda onların xidmətindən yararlanmağı düşünürəm. Ümid edirəm ki, bu məsələ yoluna qoyulacaq və futbolçular yığmanın düşərgəsinə qoşula biləcəklər.

Belarusla oyunlara gəlincə, özümüzü yaxşı tərəfdən göstərdik. Sözsüz, rəqib çox yaxşı komandadı. İlk oyunda bunu sübut etdilər. Qalib gəlsək də, çox çətin oldu. İkinci qarşılaşmada onların baş məşqçiləri sistemi dəyişdi. Futbolçuların buna uyğunlaşmadığı aşkar göründü. Lakin fərdi şəkildə çox yaxşı mübarizə aparırdılar. Rəqibi məğlub etdiyinə görə futbolçularımla fəxr edirəm. Bu görüşlərdə və məşqlərdə özlərini yaxşı tərəfdən göstərdilər. Buna baxmayaraq, bəzən boşluqlar veririk. Bunun üzərində çox çalışıb, inkişaf etməliyik. Düzdü, bunun üçün çox vaxtımız yoxdu. Son yoxlama oyununu avqustda Bosniya və Hersoqovinaya qarşı keçirəcəyik. Bundan sonra seçmə mərhələnin görüşlərinə hazırlaşmalıyıq”.


İLKİN SULTANLI