Regekamf rəhbərlikdən hücumçu transferi tələb edib
Ötən mövsüm yalnız premyer-liqada ikinci olmaqla kifayətlənən “Neftçi” növbəti “futbol ili”ndə uğur əldə etmək niyyətindədi. Sözsüz, çempionatda mükafatçılar sırasına düşmək flaqman üçün ciddi nəticə sayılmayacaq. Bu məqsədlə Laurentsiu Regekampfa yaxşı şərait yaradılıb. Rəhbərlik komandanın çempionluq uğrunda mübarizə aparmasını, kubokda finalçı və ya qalib olmasını, Konfrans Liqasında isə qrupa düşməsini hədəfləyir. Sözsüz, sonuncu məqsədə çatmaq rəqiblərin potensialından da asılı olacaq. İlk iki hədəf üçün isə mövsümün sonunda Regekampfdan hesabat tələb olunacaq. Çünki bütün transferlər sırf rumın mütəxəssisin istəyinə uyğun reallaşdırılır. Çempionat başlayana kimi onun hazır heyət formalaşdırmasına şərait yaradılacaq. Başverənlərdən görünür ki, hazırda flaqmanda hər şey üç plan üzrə davam edir. Bu yazıda həmin məqamları diqqətinizə çatdırağıq...
“Aris”lə oyuna kimi yeni hücumçunun transferi
Hazırda flaqmanda ən problemli mövqe hücumla bağlıdı. Komandanın sırf forvardı yoxdu. “Neftçi” rəhbərliyi ötənilki problemləri yaşamaq istəmir. Yadınıza gəlirsə, komanda Samir Abasovun dönəmində avrokuboklarda çıxış edərkən bu baxımdan çox axsadı. Vəziyyət o həddə çatdı ki, Namikin gedişindən sonra Harramiş Suares bu funksiyanı öz üzərinə götürdü. Düzdü, həmin dövrdə heyətdə Mirabdulla Abbasov da yer almışdı. Lakin forvardın komandaya faydasından çox ziyanı var idi. İndi də vəziyyət, demək olar ki, eynidi. Komandanın cəmi bir hücumçusu var: Qodsvey Donyo. Qanalı forvardın performansı Laurentsiu Regekampfı razı salıb. “Sakaryaspor”la oyunda fərqlənən hücumçunun indidən “Aris”lə matçda əsas heyətdə yer alacağını deyə bilərik. Lakin həmişə zədəli futbolçuların çoxluğundan əziyyət çəkən flaqman hansısa problemlə üzləşməmək üçün bu mövqeyə azı bir futbolçu cəlb etmək istəyir. Düzdü, Mirabdulla Abbasov hələ də flaqmanın üzvüdü. Lakin forvard Boludakı toplanışa aparılmayıb. Regekampf xələfləri kimi adı çəkilən hücumçunun ümidinə qalmaq niyyətində deyil. Məhz bu səbəbdən də rumın məşqçi Konfrans Liqasının 2-ci mərhələsinin ilk oyununa kimi yeni transfer tələb edib. “Neftçi” rəhbərliyi də hücumçu axtardığını etiraf edir. Klubun Media, Marketinq və İctiamiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev qəzetimizə açıqlamasında bunu təsdiq etdi: “Bəli, qeyd ediyiniz kimi, hazırda ancaq hücumçu axtarışındayıq. Başqa mövqedə çıxış edən oyunçularla maraqlanmırıq. Bu istiqamətdə işlərimiz davam edir”.
Gördüyünüz kimi, “Neftçi” iştirak ərizəsini UEFA-ya göndərənə kimi hansısa forvardı sərəncamına qatacaq. Bunun üçün ən azı 6, ən çoxu 13 gün var. Maraq üçün xatırladaq ki, “ağ-qaralar”oyunun keçirilməsinə bir həftə qalmış ilkin heyəti göndərməlidi. Matçın başlamasına 24 saat qalmışa kimi isə hansısa futbolçunun adını sifariş ərizəsinə əlavə edə bilərlər.
Sağ cinah müdafiəçisi problemini həll etmək
Bu məsələ hazırkı dövr üçün o qədər də vacib deyil. Komandanın heyətində burda çıxış edən iki futbolçu var: İsmayıl Zülfüqarlı və Ömər Buludov. Düzdü, adı çəkilənlər ötən mövsüm o qədər də yaxşı təsir bağışlamadı. Sadəcə, İsmayıl bir az nəsə edə bildi. Lakin onun oyunu Samir Abasovu razı salmırdı. Regekampf isə hər iki futbolçuya şans tanıyacaq. Məhz bu səbəbdən onlar Boludakı toplanışa aparılıb. Yaşları 21 və 23 olan İsmayılla Ömər rumın mütəxəssisin ümidlərini doğrultmağa çalışacaq. Lakin əcnəbi məşqçi işi şansa saxlamaq istəmir. O, bu məsələni yeni mövsümün startına kimi həll etmək istəyir. “Sakaryaspor”la matçda buna əyani şahid olduq. Rumın çalışdırıcı Mamadu Mbocu məhz bu mövqedə oynatdı. Matçı izləmədiyimizdən onun performansının necə olduğunu söyləyə bilmərik. Lakin komandanın ilk hissədə qol buraxmaması işlərin qaydasında getdiyinin xəbərçisidi. “Aris”lə oyunda Mbocu bu mövqedə görsək, təəccüblənməyək. Regekampfın ikinci variantı da var. Millimizin üzvü Mərt Çəlik geri qaytarıla bilər. Müdafiənin həm mərkəzində, həm də sağında oynaya bilən gənc futbolçu hazırda “İstanbul BŞ”nın düşərgəsindədi. Türkiyə mediasında yayılan məlumata görə, klubu onu yenidən icarəyə göndərmək niyyətindədi. “Neftçi” də bundan yararlanmaq istəyir. Əslində Mərtin qayıdışı Regekampf üçün göydəndüşmə olar. Çünki müdafiəçi ötən mövsüm avrokuboklarda məhz bu mövqedə oynayıb. Mərkəz müdafiəçisi kimi formalaşan ağır Mbocun burda oynamasındansa, gənc və perspektivli Mərtin sağ cinahda yer alması daha məqsədəuyğun və asan olar. Təbii ki, bu mövqeyə əcnəbi futbolçu da transfer edilə bilər. Lakin “Neftçi”nin öncəliyi Mərtin geri qaytarılmasıdı. Rüstəm Allahverdiyev də qəzetimizə açıqlamasında Mərtlə bağlı danışıqların davam etdiyini söylədi: “Futbolçu ilə bağlı gözləmə mövqeyindəyik. Hazırda yenilik yoxdu. Məsələ 1-2 günə həllini tapar”.
Yuxarıda qeyd etdiyimiz kimi, flaqman böyük ehtimalla Mərti geri qaytarmağa çalışacaq. Həm mərkəzdə, həm sağda oynayan müdafiəçi çempionat matçlarında zədəli, yorğun futbolçuları əvəz edə, bir çox hallarda isə ilk “11-lik”də də meydana çıxa bilər.
4 milli üzvü və 7 legioner...
Premyer-liqada legioner limitinin dəyişməsinin ən çox “Neftçi”yə sərf etdiyini deyə bilərik. Regekampf sırf buna uyğun komanda formalaşdırmaq niyyətindədi. Əsas məsələ ilk “11-lik”də çıxış edən 4 futbolçunu müəyyənləşdirməkdi. Rumın mütəxəssis burda problem yaşamayacaq. Azər Salahlı, Eddi İsrafilov və Emin Mahmudov yeni baş məşqçinin ən sevimli yerli fiqurları olacaq. 4-cü futbolçunun kimliyi isə bir az çətindi. Azər Əliyevin “milliləşdirilməsi” problemi hələ də həllini tapmır. Zaur Əzizov hər vəchlə bu məsələni yoluna qoymağa çalışır. Yeni mövsüm başlayana kimi Əliyevə yerli futbolçu statusu veriləcək. Məhz adı çəkilən 4 futbolçu Regekampfın əsas futbolçuları olacaq. Rumın mütəxəssisin sevimli “11-liy”i aşağıdakı kimi olacaq: İvan Brkiç, Azər Salahlı, Solomon Kvirkveliya, Voislav Stankoviç, İsmayıl Zülfüqarlı, Eddi İsrafilov, Emin Mahmudov, Kenni Sayef, Azər Əliyev, Yusuf Laval, Qodsvey Donyo. Sözsüz, Sezar Meza Kolli, Gilyerme Pato, Rəhman Hacıyev, Ömər Buludov, Fərid Yusifli, Ataa Caber və yeni transfer ediləcək hücumçu fərqli vaxtlarda komandanın güclənməsi üçün meydana çıxacaq. Premyer-liqada əvəzetmə sayının 5-ə qaldırılması da bu prosesdə Regekampfın köməyinə çatacaq.
Qeyd etdiyimiz məqamlar “Neftçi”nin bu mövsüm çempionluq uğrunda mübarizə aparacağını deməyə əsas vüerir. Bundan əlavə, Laurentsiu Regekampfın işlədiyi komandalarda uğur əldə etməsi də bu fikri gücləndirir. Bunların hamısını zaman göstərəcək. İlkin və vacib hədəf isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Cənubi Kipr “Aris”ini mübarizədən kənarlaşdırmaqdı...
İLKİN SULTANLI