Belə ki, 2022/23 mövsümündə təmsilçilərimiz üçün avrokubok həyəcanı başlayır. Əvvəlcə meydana geridə qoyduğumuz “futbol ili”ndə çempionluğu bayram edən “Qarabağ” çıxacaq. Qitəmiqyaslı turnirlərdə uğurlu çıxışına ən çox ümid bəslədiyimiz “köhlən atlar”ın Çempionlar Liqası kimi mötəbər turnirin 1–ci təsnifat mərhələsində “Lex”in qonağı olacağından xəbəriniz var. Həmin “Lex” ki, bu il yüzillik yubileyini qeyd edir. Polşa futbolunun səviyyəsi barədə danışmaq artıq olar. Bu ölkədə futbolu sevirlər və polşalı azarkeşlərin necə qatı fanat olması barədə Azərbaycan mediasında təkcə elə “Futbol+”də dəfələrlə yazı dərc olunub. Bu üzdən “Lex”in bu gün meydana “12-ci oyunçu” ilə çıxcağına şübhə etməyə dəyməz. Ancaq bir məqam da var ki, “Qarabağ” da Polşada yalqız qalmayacaq. Ağdamlıları Poznanda Bakıdan gedən 50-yə yaxın soydaşımız dəstəkləyəcək ki, onlardan biri də vaxtilə “Qəbələ”nin Marketinq Departamentinə rəhbərlik edən Səməd Nəsibovdu.
Səməd bəy hazırda başqa sahədə çalışsa da, futbol sevgisi sönməyib və bu üzdən dostları ilə birgə isti yay günlərində Poznana yollanaraq “Qarabağ”a səfər oyununda dəstək olmağı lazım bilib. Onunla əlaqə saxlayıb, Poznandakı ab-havanı öyrənməyi lazım bildik. Ötən gün Nəsibovla ilk dəfə əlaqə saxladıqda oyunun keçirələcəyi şəhərdən kənar olduğunu bildirsə də, dünən axşam saatlarında Poznandakı ab-hava barədə məlumat verdi:
“Poznanda oyuna maraq yetərincə böyükdü. Qarşılaşdığımız, söhbət etdiyimiz hər iki nəfərdən biri matç barədə məlumatlıdı. Onu da qeyd edim ki, “Qarabağ” Polşada çox məşhurdu və futbolla maraqlanan hər kəs komandanı tanıyır, avrokuboklarda hansı uğurlara imza atdığını, nəyə qadir olduğunu bilir. Polyaşlı azarkeşlərin fikrincə, “Lex”in püşkdə bəxti gətirməyib. Danışdığımız adamlara “şansın bərabər olduğunu” söyləsək də, əvvəlki illərdə Qurban Qurbanovun komandasının mübarizədən kənarlaşdırdığı komandaları yada salırlar. Ancaq onu da qeyd edim ki, şəhərdə gəzdiyimiz müddətdə “Lex”in qatı fanatlarına da rast gəldik ki, onlar bizimlə dialoqda komandaları üçün yekun nəticənin müsbət olacağını bildirdilər. Onu da əlavə etdilər ki, stadionda oyunu izləmək üçün Poznana gələn azərbaycanlı azarkeşlərə cəhənəm yaşadacaqlar”.
Azarkeşlərdən söz düşmüşkən, Səməd bəylə söhbətdə Polşada yaşayan azərbaycanlılardan soraq aldıq, onların arenada olub-olmayacağını soruşduq: “Şəhərdə qarşılaşdığımız azərbaycanlı tələbələrdən əldə etdiyimiz məlumata görə, Polşada yaşayan həmyerlilərimizin oyuna marağı böyükdü. Poznana yaxın şəhərlərdən də bilet alıb qarşılaşmanı stadionda izləmək istəyən çoxlu soydaşımız var. Onu da bildirdilər ki, matç həftəiçi və yay tətili vaxtı baş tutacağından tribunaıarda istədiyimiz qədər həmyerlimiz olmayacaq. Buna baxmayaraq, “Qarabağ”ın Poznanda dəstəksiz qalmayacağını deyə bilərəm”.
Səməd bəy bizimlə söhbət əsnasında bunları da söylədi:
“İstənilən halda, “Qarabağ” Polşada dəstəksiz qalmayacaq. İstər Azərbaycandan gedən, istərsə də Polşada və yaxın ölkələrdə yaşayan azərbaycanlılar Çempionlar Liqasındakı təmsilçimizi dəstəkləyəcəyik. İnanıram ki, ağdamlılar Poznandan Bakıya sərfəli nəticə ilə dönəcək”.
RƏŞAD



