Müstəqillik illərinin Gəncə futbolunu onsuz təsəvvür etmək qeri-mümkündü.
Təbii ki, bu da onun uğurları və nəticələri ilə bağlıdı. Mehman Allahverdiyev "Kəpəz"in bütün uğurlarının banisidi. SSRİ dövründə doğma “Kəpəz”lə yanaşı, ölkənin bir nömrəli komandası olan "Neftçi"nin də şərəfini qouyub. SSRİ çempionatının yüksək dəstəsində çıxış edən hücumçular arasında yüksək sürəti ilə seçilib. Təsadüfi deyil ki, məşhur futbol şərhçisi Nikolay Ozerov sürətinə görə ona “Qafqaz qaranquşu” ləqəbini vermişdi. Yəqin söhbətin kimdən getdiyini başa düşdüz. Bəli, düz tapdız. Bu, 6 ildən sonra özü qədər sevdiyi “Kəpəz”ə dönən, Gəncə futbolunun “xaç atası” Mehman Allahverdiyevdi.
Mütəxəssis srağagün “Kəpəz”in idman direktoru postuna təyin olundu. Onunla təyinatı günü danışmaq istəsək də, zənglərimiz cavabsız qalmışdı. Dünən isə 62 yaşlı mütəxəssis qısa da olsa, suallarımızı cavabladı.
- İndiyə qədər “Kəpəz”in baş məşqçisi, prezidenti, icraçı direktoru kimi çalışmısız. Bu dəfə isə idman direktoru təyin olunduz. Vəzifəniz, işiniz nədən ibarət olacaq?
- İdman direktorunun səlahiyyəti nəyə çatırsa, o işlərlə də məşğul olacam. Başqa məsələlərə komandanın icraçı direktoru İlqar Nadiri cavabdehlik daşıyır. Klubun rəhbəri odu.
- 6 ildən sonra yenidən “Kəpəz”ə döndüz. Hansı hissləri keçirirsiz?
- Futbol mənim həyatımdı ki, bunu da bilməyən yoxdu. Həmişə futbolla nəfəs almışam, yaşamışam. Düzdü, bu 6 ildə stadiona gəlmirdim. Komandanın oyunlarını tribunadan izləmirdim. Əslində baxırdım, sadəcə, PFL-in saytının yayınladığı görüşləri izləyirdim. Ona görə stadiona gəlmirdim ki, burda nə olurdusa, deyirdilər Mehman öyrədib, başverənlərin arxasında o dayanıb. Belə söz-söhbət qulağıma çatırdı. Məhz bu dedi-qoduların yayılmamsı üçün arenaya getmirdim. Ancaq indi... Sevinc hissləri keçirirəm. 6 ildən sonra yenidən öz işimlə məşğul olacam və buna görə bura gəlmişəm.
- Azarkeşlər növbəti mövsümdə “Kəpəz”dən nə gözləsinlər?
- İndi hər şey maliyyəyə bağlıdı. Mən hələ klubun düşərgəsinə dünən (srağagün) gəlmişəm. Gedən söhbətlərdən belə başa düşdüm ki, hələ büdcə ilə bağlı suallar çoxdu. Büdcə konkretləşəndən sonra nəsə deyə bilərəm. İndi əsas məqsəd mübariz komanda yaratmaqdı. Bizim qarşımıza avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Çalışarıq, alınar, lap yaxşı, alınmaz da ki, heç kim bizi buna görə qınamaz. Bu Allahın qismətindən, bir də zəhmətimizdən asılıdı. İstəyirik ki, komandamız öz oyunu ilə həm premyer-liqaya rəng qatsın, həm də adına layiq oyun sərgiləsin. Hamı bilir ki, maliyyəsi zəif olan klublar üçün heyətə yeni oyunçu götürmək də çətindi. “Qarabağ”, “Neftçi”, “Zirə”, “Sabah” kimi klublar istədikləri transferləri reallaşdıra bilirlər. Çünki adını çəkdiyim klubların hər birinin ayrıca sponsoru var. Bu səbəbdən də onlar transfer məsələləri ilə yüksək səviyyədə məşğul ola bilirlər. Bu gün Yaşar müəllimlə söhbət edirik. Görürəm çıxılmaz vəziyyətdə qalıb. İstədiyi futbolçuları komandaya cəlb edə bilmədiyinə görə əziyyət çəkir. Əlaqə saxladığı futbolçu elə məbləğ deyir ki, “Kəpəz” o vəsaiti vermək iqtidarında deyil. Bəlkə gələcəkdə “Kəpəz”ə dəstək verən, kömək edən sponsor tapıldı. Hamımızın arzusudu ki, “Kəpəz”in də adını çəkdiyim klublar kimi sponsoru olsun. Onda maliyyə sıxıntımız olmaz. Vəsait az olduğundan, hələ ki mübariz komanda formalaşdırmağı düşünürük.
RƏŞAD