Hemilton antirekordun astanasındadı

25.06.2022 15:37 389
---
“Mersedes”in britaniyalı pilotu Lüis Hemilton qələbəsiz yürüşlərin sayına görə antirekord müəyyənləşdirməyə çox yaxındı.

37 yaşlı yeddiqat dünya çempionu son 11 yarışda qələbə qazana bilməyib. Uğuruszluq seriyasının əsası ötənilki Əbu-Dabi “Qran-pri”sində qoyulub. Ardından Hemilton yeni mövsümün ilk 9 mərhələsində də finişə birinci çata bilməyib.

O, indiyə qədər karyerasında üç dəfə 10 mərhələ ərzində qələbə üzü görməyib. Belə bəxtsizliyi 2008-də, 2009-da və 2012-13 aralığında yaşayıb. Hazırda şəxsi hesabda 77 xalla 6-cı pillədə qərarlaşan pilot iyulun 3-də keçiriləcək Britaniya “Qran-pri”sində də qələbə qazana bilməsə, pis mənada tarixə düşəcək.

Bu arada sabiq “Formula-1” pilotu Jak Vilnöv Kanada mərhələsinin yekunlarına görə Hemiltonun ünvanına tərif yağdırıb:

“Bir neçə həftə əvvəl Lüisi çox tənqid edirdim. İndi onu tərifləməliyəm. Bolid rəqabətədavamlı idi və Lüis də əla sürdü. Podiuma yüksəlmək onun üçün vacib idi. Şənbə günü sıralanma turunda önə keçdi. Yarışda da maksimumu çıxardı. Doğru qərarlar aldı və sürətli idi. Onun üçün çətin mövsümdü. Bu nəticəyə ehtiyacı var idi. Problemlər geridə qaldı, Lüis yenidən qayıdır”.