Valbuena da Benzemanı ''Qızıl top''a layiq görür!

9.06.2022 19:34 391
Dünya futbolu
Tanınmış fransalı futbolçu Matye Valbuena öz həmyerlisi Kərim Benzema haqda danışıb.

Xatırladaq ki, bu iki futbolçu ilə bağlı uzun illər qalmaqallı şantaj məsələsi gündəmdə idi. 2015-ci ildə Valbuenanın seks videosu başqa şəxslərin əlinə düşmüş və həmin şəxslər futbolçudan 150 min avro tələb etmişdi. Sonradan bu işdə Benzemanın da əlinin olduğu və ''Real''ın forvardının şantajçılara yardım etdiyi məlum olmuşdu. Bu hadisə üzündən Benzema uzun illər Fransa yığmasından kənar qalmışdı. Versal məhkəməsi tərəfindən ötən ilin noyabrında Benzemanın günahı sübuta yetirilmiş və o birillik şərti həbs cəzasına məhkum edilmiş, eləcə də 75 min avro para cəzası ödəmək məcburiyyətində qalmışdı. Benzema cəzanı qəbul edərək apellyasiya verməyəcəyini açıqlamışdı. Valbuenanı dinləyək:

''Benzema həqiqətən də bu il ''Qızıl top''a layiqdi. Bunun əksini söyləmək haqsızlıq olar. Sırf idman prinsipləri baxımından onun performansını obyektiv şəkildə qiymətləndirə bilirəm. Bu mənim üçün problem deyil. Digər məsələyə gəlincə, mən kinli insan deyiləm və içimdə başqasına qarşı nifrət hissi saxlamağı xoşlamıram. Zatən bu məsələdə hər zaman içimdən gələnləri açıq şəkildə söyləmişəm. Həqiqətən də çox çətin dönəmlərdən keçdim. Amma indi vəziyyət yavaş-yavaş qaydasına düşür. Hər kəs öz yolu ilə irəliləyir. Benzemanın məhkəmənin qərarını qəbul etməsi və işi apellyasiya daşımaması çox şeydən xəbər verir. Mənim üçün ən önəmlisi çətinlikdən sonra həyata davam etməkdi. Çünki 7 il həyat üçün elə də böyük müddət deyil''.