“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazana bilməsə də, komandada qalmağa razılaşan Kriştiano Ronaldo klubdan bir xahiş edib.
Amma bu xahiş onun müqaviləsi və ya transferlə bağlı deyil.
Ulduz futbolçu rəhbərlikdən məşq bazasının hovuzlarının yenidən qurulmasını istəyib. “Mirror” qəzetinin məlumatına görə, portuqaliyalı hücumçu rəhbərliyə əsas və kiçik hovuzdan istifadə etmək istəmədiyini, boş, qırılmış və əskik plitələrin təhlükəli olduğunu bildirib. O, klubu hər iki hovuzu təmir etməyə çağırıb. Rəhbərlik Kriştianonun şikayətini əsaslı sayıb və iyulun ortalarında başlayacaq yeni mövsümə hazırlıq prosesi üçün hovuzların müasirləşdirilməsi məqsədilə təmir işlərinin aparılmasına dair göstəriş verib.
Xatırladaq ki, Ronaldo son mövsümdə MY-nin iştirak etdiyi bütün turnirlərdə ən yaxşı bombardiri olub.