“Robert üçün “Bavariya” artıq tarixdi”

25.05.2022 19:10 465
Dünya futbolu
Kilian Mbappenin PSJ-dən “Real”a transferi baş tutmayandan sonra futbol ictimaiyyətinin diqqəti Robert Levandovskinin üzərindədi.

Bəli, indi də onun tezliklə “Bavariya”nı hansısa tanınmış kluba dəyişəcəyi deyilir. Polşalı hücumçunun agenti Pini Zahavi “Bild”də bununla bağlı açıqlama verib:

“Robert üçün “Bavariya” artıq tarixdi. O, 8 il ərzində hər şeyini verdiyi klubdan ayrılmaq istəyir. Artıq 34 yaşı olan Robert arzusunu reallaşdıra, daim arzuladığı kluba keçə bilər. Niyə “Bavariya” ona etiraz edir? Robert üçün bu məsələ bitib, getmək istəyir. Nə o pul haqda düşünür, nə də mən. Robert son aylarda rəhbərlikdəki adamlardan hörmətli münasibət görməyib. Çox ümid edirəm ki, klub rəhbərliyi mövqeyini dəyişəcək. Bəli, sözsüz, onlar Levandovskini 2023-ün yayına qədər saxlaya bilər, ancaq mən bunu məsləhət görməzdim. Bir daha deyirəm ki, Robert üçün “Bavariya” artıq tarixdi”.


Zahavi klub adı çəkməsə də, polşalının məhz “Barselona”ya üz tutacağını deyən mənbələr çoxdu. Bu arada “Real”ın yarımmüdafiəçi Toni Kroos da gözlənilən keçidə münasibət bildirib:

“Bu tranferdən sonra İspaniya çempionatının daha baxımlı olub-olmayacağını deyə bilmərəm. Ancaq idman baxımından yanaşsaq, mən bu keçidin fanatı deyiləm. Axı o bizim əsas rəqibimizi gücləndirəcək”.


Daha bir maraqlı xəbər Mbappe ilə bağlı transfer planları suya düşən “Real”ın dövrəyə girə biləcəyidi. “As” nəşrinə inansaq, Madrid klubu başqa bir hücum oyunçusunun transferi üzərində işə başlayıb. “Real”ın maraq dairəsində olan futbolçular sırasında Harri Keyn (Tottenhem), Rafael Leau (Milan), Kristofer Nkunku (Leyptsiq) və Darvin Nunyes (Benfika) ilə yanaşı, Levandovskinin də adı çəkilir.

ORXAN