Məsələ burasındadı ki, Fransa çempionatının son turunda ''Monpelye'' ilə qarşılaşan parislilər meydana üzərində LQBT-nin rəngləri qeyd olunan xüsusi forma ilə çıxıblar. Mayın 17-si Beynəlxalq LQBT fobiyaya qarşı mübarizə günü kimi qeyd olunur. Bununla bağlı Fransa klubları üçün də xüsusi forma sifariş olunmuşdu. Amma müsəlman olan Qeye bu formanı geyməkdən və oyuna çıxmaqdan imtina edib.
Komanda ilə birlikdə səfərə yollanan və adı iştirak ərizəsində olan 32 yaşlı seneqallı futbolçu meydana çıxmayıb. Komandanın baş məşqçisi Maurisio Poçettino oyundan sonrakı mətbuat konfransında Qeyenin meydana şəxsi səbəblərə görə çıxmadığını vurğulayıb. Maraqlıdı ki, bu futbolçu ilə bağlı ardıcıl ikinci il bu cür olay yaşanıb. Ötən il də PSJ-nin bu cür forma ilə ''Reyms''ə qarşı keçirdiyi oyunda seneqallı meydanda olmamışdı. O vaxt onun oynamamasının rəsmi səbəbi kimi qarın əzələlərinin ağrısı göstərilmişdi.
Bu arada Fransanın LQBT idman federasiyasının prezidenti Erik Arassus Qeyenin sərt şəkildə cəzalandırılmasını tələb edib. Onun başçılıq etdiyi quruma müxtəlif idman növləri üzrə ümumilikdə 6 mindən çox idmançı daxildi. Arassus bunları deyib:
"Futbolçu kimi ona bir söz deyə bilmərəm. Çox yaxşı oyunçudu. Amma dinlə bağlı məsələlərə idmanda yer olmamalıdı. Fransa çempionatında ötən tur ondan başqa bütün futbolçular meydana çıxdılar. Bu hərəkətinə görə PSJ mütləq onu cəzalandırmalıdı. O, ardıcıl iki ildi oynamamaq üçün özündən bəhanələr uydurur. Bu addımına həm klub, həm də liqa göz yumur. Belə şeylər çempionata xələl gətirir. Bəlkə də Qeye LQBT ilə bağlı maarifləndirici kurslardan keçməlidi. Çünki onunla eyni dindən olanlar belə tədbirlərdən kənar qalmır. Homofobiyaya görə indi hətta qanunla da adama cəza vermək mümkündü. 2022-ci ildə yaşayırıq. LQBT-nin fərdləri üçün tam açıq olan Paris kimi şəhərdə belə bir futbolçunun olması anlaşılmazdı''.