Toplantıda 2022/23 mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan premyer-liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb. Qurum klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 8-ci maddəsinə əsaslanan müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün bu klublara lisenziya verilsin: "Qarabağ", "Neftçi", “Zirə”, “Şamaxı”, “Sabah”, "Qəbələ".
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün bu klublara lisenziya verilməsin: “Səbail”, “Sumqayıt”.
3. Premyer-liqa yarışlarında iştirak etmək üçün bu klublara lisenziya verilsin: “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Turan Tovuz”.
4. Premyer-liqa yarışlarında iştirak etmək üçün bu klublara lisenziya verilməsin: “Qaradağ Lökbatan”, “Zaqatala”, MOİK.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilən bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Qeyd: 1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 13-cü maddəsinə müvafiq olaraq, 2022/23 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya alan klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan premyer-liqa yarışlarında iştirak etmək üçün lisenziya almış sayılır.
Qərarlara münasibətini öyrənmək üçün Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla əlaqə saxladıq:
"Səbail"lə "Sumqayıt"a avrokuboklarda, "Qaradağ Lökbatan", "Zaqatala" və MOİK-ə isə premyer-liqada iştirak üçün lisenziyaların verilməməsini klubların rəhbərliyinə çatdırmışıq. Məxfilik üzündən artıq nəsə deyə bilmərəm. Amma klublar bu barədə 24 saat ərzində mətbuata açıqlama verə bilər. Məsələ ilə bağlı detallı məlumatı klub rəsmilərindən öyrənə bilərsiz. Bildiyiniz kimi, "Turan Tovuz"la "Kəpəz" müntəzəm 1-ci divizionda çıxış edir, bu mövsüm də ciddi problem yaşamayıblar. Hər iki klub futbolçuların və işçilərin maaşını vaxtında ödəyib. Onların vergi ödəmələrində ləngimələr və ya borc yoxdu. Premyer-liqada çıxışı üçün nəzərdə tutulan minimum 300 min manat vəsaitə də sahibdilər. Həmçinin onlara AFFA tərəfindən də yetərincə maliyyə ayrılıb. Düşünürəm ki, "Turan Tovuz"la "Kəpəz"in premyer-liqada çıxışı yolunda maliyyə problemi olmayacaq".
"Səbail"in icraçı direktoru Fərəc Əliyev isə avrokubok üçün lisenziya ala bilməmələrini belə şərh etdi:
"Komandamıza avrokuboklarda iştirak üçün lisenziyanın verilməməsi bu yay mövsümü ilə bağlıdı. Onsuz da avrokuboklara vəsiqə qazanmamışıq. Odu ki, lisenziya ilə bağlı qərarın bizə təsiri yoxdu”.
ABDULLA İSMAYILOĞLU
