“Latsio”nun hücumçusu İtaliya yığmasındakı çıxışını başa vurmaq qərarına gəlib. Bunu “La Repubblica” qəzeti iddia edir. “Skuadra adzurra”nın Argentina ilə iyunun 1-də keçiriləcək yoldaşlıq oyununun 32 yaşlı hücumçunun milli formadakı sonuncu matçı olacağı bildirilir. İddiaya görə, İmmobile məlum qərarı DÇ-2022-nin seçmə turnirinin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya sensasion məğlubiyyətə (0:1) görə azarkeşlərin kəskin tənqidlərindən sonra verib. Ümumiyyətlə, tifozi Çironu milli komandada klubdakı kimi oynaya bilməməkdə çoxdan ittiham edir.
O, 2014-cü ildən dəvət aldığı yığmada 55 oyuna 15 qol vurub. Təcrübəli futbolçu “La Repubblica” qəzetinin onunla bağlı yaydığı xəbərə belə reaksiya verib:
“Əvvəllər də dediyim kimi, tənqid futbolun bir hissəsidi, bunu qəbul edirəm. Qəbul etmədiyim isə səbəbsiz qəzəbdi. Layiq olduğum zaman ünvanıma yönələn tərif və tənqidlərlə barışıram. Amma bəziləri oyunçuları necə gəldi tənqid atəşinə tutmaqdan zövq alırlar. Milli komandadakı karyerama gəlincə, hələ bu barədə qərar verməmişəm”.
