Həmin vaxt məlum olduğu kimi 90 dəqiqə 1:1-lik bərabərliklə başa çatmışdı. Əlavə vaxt da bu hesabla bitmək üzrə olarkən mundiallar tarixinin ən unudulmaz olaylarından biri yaşanmışdı. Luis Suares boş qapıya gedən topu əllə xəttin üzərindən qaytarmış və qırmızı vərəqə almışdı. Amma qanalı Asamoa Qyan penaltidən yararlana bilməmiş və daha sonra Uruqvay penaltilər seriyasında qalib gələrək yarımfinala yüksəlmişdi. Karyerasıboyu ''Marsel'', ''Suonsi'', ''Vest Hem'', ''Fənərbaxça'' və son olaraq ''Əl-Sədd''in şərəfini qoruyan, Qana yığmasında isə 102 oyuna 23 qol vuran Ayyu bunları deyib:
'Daha öncə də bu məsələ haqda danışmışam və indi də fikrim dəyişməyib. Suaresin yerində mən də olsam, eyni hərəkəti edərdim. Amma digər tərəfdən mənim və bütün qanalıların ən böyük arzusunu məhv etdi. Biz DÇ-də yarımfinala yüksələn ilk Afrika təmsilçisi ola bilərdik. Həmin vaxt bunu həyata keçirə bilməməyimiz hər zaman içimizdə bir yara kimi qaldı. Amma Suares bunu öz ölkəsi naminə etdi. Keçmişlə yaşamamalıyıq. İrəli boylanmaq vaxtıdı. Yaxşı oynayıb Qətərdəki mundialda adımızdan söz etdirmək istəyirik''.

