Nikolov “Şamaxı”nı “Keşlə”nin varisi saymır - MÜSAHİBƏ

2.04.2022 17:43 851
Manşet / Müsahibə / Günün xəbəri
Georgi Nikolov adı Azərbaycan futbol ictimaiyyətinə tanışdı.

Uzun illər “İnter”in prezidenti olub. Beynəlxalq Bankla bağlı yaşanan problemlərə görə ölkəni tərk etmək məcburiyyətində qalıb. Yaxın günlərdə “Keşlə” “Şamaxı” olacaq. Nikolov ömrünün 10 ilindən çoxunu “İnter”ə xərcləyib. Onun ad və şəhər dəyişməsinə münasibəti, təbii ki, birmənalı olmayacaqdı. Görəsən, bolqarıstanlı futbol funksionerinin prosesin yekunlaşması ilə bağlı fikirləri necədi? Bunu öyrənmək üçün Nikolovla əlaqə saxladıq. “İnter”in sabiq rəhbəri ilə klubun üç dəfə ad dəyişməsindən, “Şamaxı”nın loqosundan, ümumiyyətlə, Azərbaycan futbolunda başverənlərdən danışdıq.

- “Keşlə” adını və şəhərini dəyişərək “Şamaxı” olur. Klub aprelin 9-da yeni stadionda “Neftçi”ni qəbul edəcək. Başverənlərə bağlı nə deyə bilərsiz?
- Hər şeydən xəbərim var. Qəbulolunmaz prosesdi. Çünki hazırda çempionatın ortasıdı. Bu necə baş verə bilər? Bir komanda mövsümə “Keşlə” adı ilə başlayır, “Şamaxı” kimi bitirir. Ağlasığmaz məqamdı.

Nikolov “Şamaxı”nı “Keşlə”nin varisi saymır


- UEFA və çempionatın təşkilatçısı PFL bunu qəbul edib.
- Onlar bunu edə bilərlər. Amma mən həqiqətən təəccüblənmişəm.

- Nə üçün? AFFA rəsmiləri bildirir ki, bu, regionda futbolun inkişafına təkan verəcək.
- Bölgəyə klubun getməsi yaxşıdı. Amma bu başqa cür olmalıydı. Məsələn, Şamaxıda yeni futbol klubu yaradılmalı, Həvəskarlar Liqasında çıxış etməli, ordan mərhələli şəkildə premyer-liqaya yüksəlməliydi. Bu gediş çox sunidi. Klubun bütün keçmişini, dəyərlərini məhv edib, yenisini yaradıblar.

- Bu ilk dəfə baş vermir ki, o vaxt siz də “Xəzər Universiteti” ilə belə etmişdiz. Beynəlxalq Bank komandaya sponsorluq edən kimi adını və yaranma ilini dəyişdiz!
- Bəli, doğrudu. Bunu ilk dəfə etiraf edirəm. Amma mən heç vaxt deməmişəm ki, biz “Xəzər Universiteti”nin davamçısı, varisiyik! Mənim klubum 2004-cü ildə yarandı, 2017-də isə dağıldı. Ümumiyyətlə, proses tam fərqli olmalıdı. Məsələn, Lənkəranı götürək. Onların “Xəzər”i dağıldı. Amma yeni “Xan Lənkəran” yaratdılar. İndi sizin Region Liqasında çıxış edirlər. Daha “Səbail”i Lənkərana köçürmədilər ki? Düz demirəm? Əslində hər şey belə olmalıydı.

- Hamlet İsaxanlı qəzetimizə açıqlamasında demişdi ki, “İnter” rəhbərliyindən gözlədik ki, klubun problemlərini həll etmək üçün bizə müraciət etsinlər. Amma onlar heç vaxt buna cəhd etmədilər. Buna səbəb nə idi?
- Mən 2006-ci ildə “İnter”ə gəlmişəm. Bu müddət ərzində Hamlet müəllimlə heç vaxt görüşməmişəm. Mən şəxsən onu tanımırdım. 10 il ərzində heç vaxt Hamlet müəllimlə bir dəfə də rastlaşmamışam.

- O, belə bir açıqlama da vermişdi ki, “İnter” rəhbərliyinə müraciət etdik ki, “Xəzər Universiteti”nin tələbələri ilə klubun azarkeş sayını artıra bilərik. Onlar bununla maraqlanmayıb, istəyimizi qəbul etmədilər...
- Yenə təkrar edirəm ki, Hamlet müəllimi tanımıram. Onunla heç nə haqda danışmamışam. Hamlet müəllimin fikirlərinin kimə aid olduğunu da bilmirəm.

- Gəlin “Şamaxı” haqda danışaq. Klubun loqosunu görmüsüz? Xoşunuza gəldi?
- 99 faiz deyə bilərəm ki, bu, Sofiya ÇSKA-sının loqosudu. Bolqarıstan təmsilçisi 1992-98-ci illərdə bu emblemdən istifadə edib. “Şamaxı”nın loqosu plagiatdı.



- Haqlısız, oxşarlıq var. Amma bu o qədər də önəmli deyil. Sualımız loqonu bəyənib-bəyənmədiyinizlə bağlıdı...
- Düşünürəm ki, uğursuzdu. Vallah, nə deyim? Mənim fikrim onlar üçün o qədər də önəmli deyil. Klub rəhbərliyi bunu bəyənib ki, seçiblər.

- Zəhmət olmasa, loqoya dəqiq baxın. Üzərində “2022” yazısı var. Əslində isə klub 1997-ci ildə yaradılıb. Federasiya və “Keşlə” rəhbərliyi bildirir ki, “Şamaxı” onların varisidi. Bəs nə üçün loqonun üzərinə “2022” yazıblar?
- Mənim üçün də anlaşılmazdı. AFFA-dan və klub rəhbərliyindən soruşsaz, daha dəqiq cavab verə bilərlər. Mənim düşüncəm belədi: “İnter” “Xəzər Universiteti”nin, “Keşlə” “İnter”in, “Şamaxı” da “Keşlə”nin varisi deyil. Yeni yaranan klubla da başqalarının heç bir bağlılığı yoxdu.

- Nə vaxt ad dəyişibsə, kluba başqa prezident gətirilib. Sizcə, Zaur Axundov da “Şamaxı”dan göndəriləcək?
- Əlbəttə. Birmənalı şəkildə belə olacaq. Şəhər rəhbərliyi özlərinin ağız dadına uyğun prezident təyin edəcəklər. Amma kim olacağı ilə bağlı hansısa fikrim yoxdu.



- Premyer-liqa matçlarını izləyirsiz?
- Bəli. Amma düzünü deyim, vaxt tapandan-tapana. Xəbərləri isə müntəzəm oxuyuram.

- Sizcə, hazırda ölkənin ən yaxşı klubu hansıdı?
- Düşünürəm ki, “Qarabağ” Azərbaycanın “1 nömrə”sidi. Bu mövsüm həqiqətən də möhtəşəmdilər. “Neftçi” də onların səviyyəsindədi, amma bir az geri qalırlar. Digər klubların hamısı zəifdi. Bu fikrimə görə üzgünəm. Amma həqiqət belədi.

- Necə düşünürsüz, bu gün Azərbaycan premyer-liqasında Nikolov kimi prezidentə ehtiyacı var?
- Gözəl sualdı, təşəkkür edirəm. Bilirsiz, mən futbolsuz yaşaya bilmərəm. 2016-cı ildən sonra Azərbaycandakı futbol məşqçiləri haqda nəsə bilmirəm. Kimin yaxşı komanda formalaşdıra biləcəyi haqda məlumatım yoxdu. Amma ölkə futbolu ilə bağlı hər şeyi bilirəm. Düşünürəm ki, PFL və AFFA rəhbərliyində 35-40 yaş aralığında gənc şəxslər olmalıdı. Futbolun inkişafı üçün müasir anlayışlar və ideyalar lazımdı. Böyük işləri həyata keçirmək üçün məqsəd və inadkarlıq lazımdı.



- Milli komandamız haqda nə deyə bilərsiz? Malta və Latviya ilə matçları izləmisiz?
- Üzgünəm. İzləməmişəm və onu da bilirəm ki, “qara zolaqdasız”. Çünki De Byazi sizə uyğun adam deyil, boş-boşuna illəri itirirsiz.

- Kim olmalıdı milli komandamızın baş məşqçisi?
- Həqiqətən bilmirəm. Amma düşünürəm ki, Robert Prosineçkiyə və ya Qurban Qurbanova yenidən güvənmək olar. Onların vaxtında normal komandanız var idi.

- 10 ildən çox ölkəmizdə çalışmısız. Futbolumuzun bu vəziyyətdə olmasının səbəbi nədi? Problem federasiyada, klublarda, yoxsa futbolçulardadı?
- Əlbəttə, klublarda. Əsas problem premyer-liqadakı komandaların sayındadı. 8 klub azərbaycanlı futbolçuların 70-80 faizini bir yerə cəmləyə bilməz. Burda milli komanda üçün kifayət qədər yaxşı futbolçular yetişmir. Siz bünövrəsiz bina tikmək istəyirsiz. Bu isə mümkün deyil.

- Azərbaycan futbolunun problemini necə həll etmək olar?
- Əla sualdı. Qorxuram ki, sizə dəqiq cavab verə bilməyəcəm. Güclü milli komanda üçün geniş seçim imkanı və rəqabət, hər mövqeyə azı 10 namizədiniz olmalıdı. Sizin çempionatda 200-250 azərbaycanlı futbolçu çıxış etməlidi. Təəssüf ki, belə deyil. Bax, problemin kökü budu!

İLKİN SULTANLI