Anatoli Timoşukun vətəni Ukraynada başına gələnlər çoxlarına bəllidi.
Xatırladaq ki, Ukrayna Futbol Assosiasiyasının (UFA) İntizam Komitəsi (İK) milli komandanın sabiq yarımmüdafiəçisi ilə bağlı sərt qərarlar verib. Ölkə ictimaiyyəti “Zenit”də məşqçilik edən 42 yaşlı mütəxəssisin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ölkəsinə dəstək üçün heç bir addım atmadığını hesab edir. O, nəinki işğalı pisləyən bəyanat verməyib, həmçinin çalışdığı Rusiya klubunu da tərk etməyib. İK-nın qərarına əsasən, UFA-dan Timoşuka verilən PRO kateqoriyası üzrə məşqçi lisenziyası geri alınıb. O, Ukrayna çempionatı, kuboku və superkubokunda qazandığı mükafatlardan, milli komandanın sabiq oyunçusu statusundan məhrum edilib. Timoşukun Ukraynada futbol fəaliyyəti ilə məşğul olmasına ömürlük qadağa qoyulub. Həmçinin onun bütün fəxri ad və dövlət mükafatlarının ləğv olunması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılması da qərara alınıb.
Çətin psixoloji vəziyyətə düşən gənc mütəxəssis belə məqamda “Zenit”in fanatlarından dəstək alıb. Azarkeşlər premyer-liqanın “Krılya Sovetov” ilə keçirilən son matçı (1:1) zamanı üzərinə “Tolya, biz səninləyik” yazılan banner nümayiş etdiriblər.