“Keşlə” birgünlük istirahətin ardından yenidən bir araya gələrək, hazırlığı bərpa edib. Bakılılar dünən bir məşqə çıxıb. Komandanın düşərgəsində yeni – bizə tanış sima var. "Keşlə" Moldova millisinin qapıçısı Stanislav Namaşkonu heyətinə qatıb. Düzdü, hələ onunla müqavilə imzalanmayıb. Ancaq təcrübəli qolkiper Bakıya gəlib və məşqə çıxıbsa, bu artıq razılıqdan xəbər verir. “Keşlə”nin meneceri Eldəniz Yusifov da 2014-16-cı illərdə AZAL-ın şərəfini qoruyan 33 yaşlı qolkiperin karyerasını yenidən ölkəmizdə davam etdirəcəyini deyir. Klub rəsmisinin sözlərinə görə, Namaşko ilə “1+1” illik müqavilə imzalanacaq. Beləliklə, mövsümlərarası fasilədə Kamran Ağayev və Davud Kərimi ilə vidalaşan, əvəzində isə Rəşad Əzizlidən sonra Namaşko ilə anlaşan "Keşlə" bununla da qapı xəttindəki problemi yoluna qoyub. Üstəlik, heyətdə gənc Şahin Zəkiyev də var.
Onu da qeyd edək ki, son klubu Monteneqro təmsilçisi "Zeto" olan Namaşko bakılıların baş məşqçisi Tərlan Əhmədova yaxşı tanışdı. Çünki qapıçı məhz Əhmədovun rəhbərliyi altında AZAL-da çıxış edib.
“Keşlə” yaxın günlərdə artıq neçə gündü məşqlərdə iştirak edən İlkin Qırtımovla da münasibətləri rəsmiləşdirəcək. Baxmayaraq ki, dünən mətbuatda "Zirə"nin sabiq üzvü ilə danışıqların baş tutmadığı haqda xəbərə rast gəldik. “Keşlə” rəsmilərinin ona vəd etdiyi maaşı ödəməkdən boyun qaçırdığı, müdafiəçinin düşərgəni tərk etdiyi bildirilirdi. Ancaq İlkin də dünənki məşqdə iştirak edib.
Xəbər verdiyimiz kimi, yeni mövsümə hazırlığı ölkə daxilində davam etdirən "Sumqayıt"la "Keşlə" iyulun 5-də yoxlama görüşündə qarşılaşacaq. Premyer-liqa təmsilçiləri arasındakı görüşün başlama saatı da artıq müəyyənləşib. "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma 18.00-da start götürəcək. Bu, hər iki komandanın təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşü olacaq. “Keşlə” iyunun 28-də oyun planlaşdırsa da, rəqib tapa bilmədiyindən istəyi baş tutmamışdı. Üstəlik, heyət yetərsizliyi ucbatından ikitərəfli oyun da təxirə salınmışdı.
MİRAĞA