Xatırladaq ki, "arılar"ın çalışdırıcısı "bayquşlar"a daha çox qol vura biləcəklərini, bununla belə, komandasının performansından çox razı qaldığını bildirdi. "Football-plus.az" xəbər verir ki, bu ifadələr "Kicker.de" nəşrinin narazılığına səbəb olub. Almaniyanın tanınmış media orqanında yayınlanan məqalədə mütəxəssisin haqsız olduğu bildirilib:
"Kovaçın oyun haqda müsbət fikirlər səsləndirməsi bizi təəccübləndirdi. Heç kim onun komandası haqda yüksək fikirdə olacağını gözləmirdi. Düzdü, "Borussiya" hər iki hissənin əvvəlində qollar vurdu, üstünlük yaratdı. Ancaq "Sabah"ın "arılar"a çox çətin anlar yaşatdığı göz önündə idi. Bu reallıqdan qaçmaq olmaz. Coy-Lens Mikelsin qolunun ofsayd üzündən qeydə alınmaması "Borussiya" üçün böyük şans oldu. Halbuki qonaqların 10-cu dəqiqədə hesabı açması daha bir neçə qol vuraraq meydan sahiblərinin ümidlərini tükədəcəyi haqda fikir yaratmışdı. Ancaq "Sabah" çox cəsur oynadı. Matçın taleyini yalnız komandaların keyfiyyəti həll etdi. Təsəvvür edin, rəqibin dəyəri "Borussiya"nın dəyərinin 20-də 1-indən daha azdı. Beləliklə, "arılar"ın qalibiyyətini xaosdan qurtuluş kimi dəyərləndirmək mümkün görünmür".
KƏNAN BAHADIR





