"Borussiya"nın "Sabah"la bağlı planı bəlli oldu - Dortmund təmsilçisi Abşeronu niyə seçdi?

18.10.2026 14:17 36
Manşet / Avrokuboklar
"Sabah" oktyabrın 20-də, yəni gələn həftənin çərşənbə axşamı Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirəcək. "Bayquşlar" 2-ci turda Dortmund "Borussiya"sını qəbul edəcək.

Artıq bu oyunla bağlı proqram bəlli olub. Bu barədə "Football-plus.az"a "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, "Borussiya" bu gün axşam saatlarında Bakıda olacaq. Rəqib "Abşeron Marriot" otelində məskunlaşacaq.

Oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərin də tarixi bəllidi. Belə ki, baş məşqçi Valdas Dambrauskas bazar ertəsi saat 20.00-da media nümayəndələrinin önünə çıxacaq. Bundan 30 dəqiqə sonra komandanın oyunöncəsi son məşqi keçiriləcək. Rəqibin çalışdırıcı Niko Kovaç isə həmin gün saat 18.30-da jurnalistlərin suallarını cavablandıracaq. Qonaq komandanın açıq məşqi isə saat 19.00-da başlanacaq.

Xatırladaq ki, Bakı Olimpiya Kompleksində keçiriləcək qarşılaşma saat 20.45-də start götürəcək.

KƏNAN BAHADIR