“Sabah” rahat qələbə qazana bilər” - Arif Əsədov

13.10.2026 19:00 54
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah” bu gün evdə ilk matçına çıxacaq. Nəhəng Bakı Olimpiya Stadionunda “bayquşlar” “Slaviya”nı qəbul edəcək. Son Çexiya çempionunu favorit göstərənlər çoxdu.

Bəs bugünkü oyunda “Sabah”, yoxsa “Slaviya” üstündü? Komandaların üstün cəhətləri nələrdi? “Doğma divarlar” amili “Sabah” üçün nə dərəcədə önəmlidi?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün Arif Əsədovla əlaqə saxlayıb:

“Bugünkü oyunda kimin üstün olacağını demək çətindi. Amma qrupdakı rəqiblərimizə nəzərə salsaq, xal ala biləcəyimiz komandalardan biri məhz "Slaviya"dı. Güclər hardasa bərabər görünür. "Sabah" evdə oynayır, bu da əsas üstünlüyüdü. Digər tərəfdən, "bayquşlar" dominant futbolu, hücumu və kreativ oyunçularla oynamağı xoşlayırlar.

"Slaviya"da isə vəziyyət fərqlidi. Rəqib daha çox nizam-intizama, pressinqə və yığcam oyuna üstünlük verir. Sistemlərdə də fərq açıq görünür. "Sabah" 4-2-3-1 taktikası ilə oynayırsa, "Slaviya" əsasən 5 müdafiəçi ilə 5-4-1, 5-3-2 və ya 5-2-3 kimi düzülüşlərə üstünlük verir. Bu baxımdan, matçda əsas mübarizə zonaları bəlli olur. Rəqib kənarlarda, "Sabah" isə mərkəzdə üstünlük qazanmağa çalışacaq. "Sabah"ın kreativ orta xətt oyunçuları oyunun axarına diktə edə bilsələr, komandamız rahat qələbə qazana bilər. Düşünürəm ki, "Sabah" bu matçdan xalla ayrılacaq. Dəqiq hesabı proqnozlaşdırmaq çətin olsa da, ev sahibi amili və ilk dəfə BOS-da baş tutacaq matçda azarkeş dəstəyi komandamıza 12-ci oyunçu kimi böyük güc verəcək”.


İSRAYIL XEYRULLAYEV