“Bu məqam tərəfdarların bölgələrə səfərinə təsirsiz ötüşmür” – “Araz-Naxçıvan” Şamaxıda da dəstəksiz qalır

15.10.2026 13:55 72
Ölkə futbolu / Manşet
Yeni mövsümdə ev oyunlarını əvvəlcə Qəbələ, ardından Şamaxı şəhər stadionunda keçirən “Araz-Naxçıvan”ın azarkeş problemi davam edir. Daha doğrusu, komanda bütün matçlarda faktiki dəstəksiz qalır.

Xatırlayırsızsa, klub bir müddət əvvəl tərəfdarların oyunları Şamaxıda izləyə bilməsi üçün şərait yaradacaqlarını açıqlamışdı. Bu layihənin taleyi necə oldu? İndiyə qədər bu yöndə əməli addımlar atılıbmı? Layihənin bundan sonra da davam etməsi gözlənilirmi?

Bu sualları “Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Əlbəttə, bu istiqamətdə işlər görülür. Müraciətlər olur, buna uyğun addımlar atırıq, nəqliyyat vasitələri ayırırıq. Ancaq sayla bağlı edə biləcəyimiz çox şey yoxdu. Müraciətlər olmalıdı ki, dəyərləndirək. Sadəcə, bəzən oyunlar iş gününə düşür. Bu məqam tərəfdarların bölgələrə səfərinə təsirsiz ötüşmür. Fanklub rəhbərimiz var. Onun vasitəsilə çalışmalar davam edir”.

Xatırladaq ki, “Araz-Naxçıvan” Misli premyer-liqasının 8-ci turunda “Sumqayıt”ın qonağı olacaq. Oktyabrın 16-da “SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 19.00-da start götürəcək.

KƏNAN BAHADIR