69870 yerlik stadionda matçı cəmi 29670 tamaşaçı canlı izlədi. Halbuki oyundan bir gün əvvəl klub tərəfindən paketlərlə birgə 51 min biletin satıldığı açıqlanmışdı. Öz aramızdı, deyəsən, klubun kombo-bilet strategiyası özünü doğrultmadı. Həmçinin qonaqların kapitanı Tomaş Holeş paltardəyişmə otağından meydançaya qədər olan məsafənin həddən artıq uzun olduğunu bildirdi. Oyundan əvvəl qadın azarkeşlərin və jurnalistlərin kosmetik vasitələrinin stadiona buraxılmadığını gördük. Onları hardasa saxlamaq üçün şərait yaradılmamşdı. Hətta əməkdaşımız bəzi xanımların kosmetik vasitələri otun arasında gizlətdiyini, stadiondan çıxarkən götürdüyünü görüb. Bildiyimiz qədər, indiyə qədər ölkəmizdə keçirilən hansısa avrokubok matçında belə addım atılmamışdı.
Qeyd olunan məqamlarla bağlı klubun mövqeyini öyrənmək üçün mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Oyuna marağın az olduğunu deməzdim. Stadionda 30 mindən çox azarkeş var idi. Sadəcə, BOS-un tamaşaçı tutumu çox olduğu üçün az görünürdü. Bəli, daha çox tərəfdarın gələcəyini, tribunaların tam dolacağını gözləyənlər var idi. Ancaq Azərbaycan futbolunda statistik göstəriciləri bilən hər kəs etiraf edər ki, bu oyunla bağlı azarkeş sayı ən yüksək göstəricilərdən biridi. Narazılıqlara gəlincə, stadionlarda UEFA tərəfindən oyunlardan əvvəl təftiş aparılır və idman qurğusunun standartlara nə dərəcədə uyğun olub-olmadığı müəyyənləşir. Bakı Olimpiya Stadionu nəinki liqa mərhələsinin, avrokubokların final oyununu qəbul etmiş idman qurğusudu. Buranın strukturu dünya standartlarına tam uyğundu. Rəqib futbolçunun belə açıqlama verməsinin səbəbini bilmirik. Kosmetik vasitələrə qadağa qoyulması təhlükəsizliklə bağlıdı. Bizimlə bağlı məsələ deyil”.
KƏNAN BAHADIR





