Genkdən Şamaxıya uzanan əl Edqarı "oğurlayacaq"? - 2 milyon avroluq keçid baş tuta bilər!

10.10.2026 20:55 171
Ölkə futbolu / Manşet
O, Azərbaycan futbol səhnəsinin ən parlaq gənclərindəndi. 21 yaşlı yarımmüdafiəçi hələ ötən mövsüm sərgilədiyi yüksək performans sayəsində azarkeşlərin rəğbətini qazanıb. Söhbət "Şamaxı"nın futbolçusu Edqar Adilxanovdan gedir.

Təsadüf deyil ki, ötən il U-21 millimizdə debüt edən oyunçu bu il artıq əsas yığmamızın formasında göründü. "10 nömrə"nin yüksəlişi özü ilə transfer dedi-qoduları da gətirdi. Əvvəl adı Cənubi Kipr klubları ilə hallandı. Ardından yetirməsi olduğu "Neftçi"yə keçidi gündəmdə olsa da, "Şamaxı"da qalmağı seçdi. Düzdü, həmin ərəfədə "Football-plus.az"a açıqlama verən Edqar "ağ-qaralar"dan təklif almadığını demişdi.

Bu gün isə gənc ulduz üçün başqa ünvandan çağırış var. Belə ki, "Genk" Edqarı heyətinə qatmaqda israrlıdı. Özü də bu transfer üçün "şirlər"ə nə az, nə çox - 2 milyon avro ödəmək niyyətindədi. Oyunçunun "transfermarkt"dakı bazar dəyərinin cəmi 350 min avro olduğunu nəzərə alsaq, söhbət yetərincə yüksək məbləğdən, üstəlik Belçika çempionatında oynamaq imkanından gedir.

Edqarın təmsilçisi "LA Football Consulting" şirkətidi. Hazırda "Genk"lə danışıqlar bu agentlik tərəfindən aparılır. Hadisələrin axarının nə ilə nəticələnəcəyi bəlli deyil. Ancaq unutmayaq ki, futbolçunun "Şamaxı" ilə müqaviləsinin müddəti hələ gələn ilin yayında başa çatacaq. Yəni "Genk" təkcə Edqarın yox, "şirlər"in də "saqqızını oğurlamalıdı".

KƏNAN BAHADIR