Dostluq oyunu üçün gəldilər, dostca davranmadılar... - REPORTAJ

6.10.2026 12:15 36
Ölkə futbolu / Reportaj
Turan Tovuz - Fənərbaxça (İstanbul, Türkiyə) 0:2
Turan Tovuz: 35. Aleksey Kenyaykin (13. Mehman Hacıyev, 86), 5. Roderik Miller, 21. Stiv Beusnar, 23. Alexandro Serrano (19. Roberto Olabe, 70), 77. İbrahima Vaci (99. Sadiq Şəfiyev, 70), 15. Emmanuel Hakman (k), 32. Hayderson Urtado (88. Faiq Hacıyev, 78), 7. Xorxe Silva, 25. Denis Marandiçi (8. David Tavareş, 46), 11. Dioqo Balau (10. Xəyal Nəcəfov, 78), 28 Aleksa Yankoviç (3. Enrike Silva, 46). 
Baş məşqçi: Kurban Berdıyev. 
Fənərbaxça: 34. Mərt Günok (13. Tarık Çətin, 46), 3. Arçi Braun, 6. Matteo Genduzi, 22. Ləvənt Mərcan, 27. Nelson Semedo (57. Ercüment Sancaklı, 83), 91. Nqolo Kante, 10. Marko Asensio (72. Onur Kuşçu, 83), 11. Meyson Qrinvud (80. Adnan Fəttahoğlu, 41), 54. Alaettin Ekici (63. Baran Yolaçan, 70), 59. Efe Yılmaz (65. Yiğit Çolak, 70), 99. Çağrı Balta (68. Səlahəddin Sevim, 84).
Baş məşqçi: İsmayıl 1Kartal. 

Qollar: N.Kante, 60 (0:1). Ç.Balta, 74 (0:2). 
Vərəqələr: R.Miller, 33 (qeyri-idman hərəkəti). M.Genduzi, 33 (hakimin qərarına etiraz). E.Silva, 54 (qeyri-idman hərəkəti) - sarı. M.Qrinvud, 32 (rəqibə qarşı təcavüzkar davranış) - qırmızı. 
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Şirmamed Mamedov, Teymur Teymurov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir). 
3 oktyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 27000 tamaşaçı. 
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub. 

Nəinki günlər, hətta aylar idi ölkədə bu oyunun söhbəti gedirdi. “Turan Tovuz”un rəhbəri Ehtiram Quliyevin istəyi ilə “Fənərbaxça” yoldaşlıq oyunu üçün Bakıya gələcəkdi. Oyundan əvvəl bilet satışından əldə olunacaq vəsaitin Qarabağın dirçəlişi üçün fonda köçürüləcəyi bildirildi.

Azərbaycanlı futbolsevərlər “Fənərbaxça”nı hava limanından izdihamla qarşıladı, Tovuz klubu oktyabrın 2-də qonaqlar üçün ziyafət, sazlı-sözlü məclis təşkil etdi, dostluq, qardaşlıq yönündə çoxlu mesaj verildi. Hamı futbol bayramının yaşıl meydanda da davam edəcəyini gözləyirdi. Amma təxribatçı xarakterinə malik Genduzi olmasaydı!

Oyun qarşılıqlı hücumlar şəraitində başladı. Qapılar önündə təhlükəli vəziyyətlər bir-birini əvəz edirdi. 24-cü dəqiqədə Çağrı Baltanın zərbəsindən sonra top tirdən qayıtdı. 33-cü dəqiqədə dostluq görüşünün ruhuna kölgə salan insident yaşandı. Qrinvud Millerə topsuz mübarizə zamanı təpik atdığına görə Rəvan Həmzəzadə onu birbaşa qırmızı vərəqə ilə meydandan qovdu. Qərara etiraz edən qonaq futbolçulardan Genduzi daha çox canfəşanlıq edir, hətta komanda yoldaşlarını meydandan çıxarmağa çalışırdı. İsmayıl Kartalla Kurban Berdıyev hakimlə razılaşaraq matçın bərabər heyətlərlə davam etməsini istədilər. Nəticədə qovulan Qrinvudun yerinə gənc Fəttahoğlu meydana çıxdı.

İkinci yarıya daha fəal başlayan tovuzlular 52-ci dəqiqədə təhlükəli vəziyyət yaratdı. Balaunun cərimə meydançasına göndərdiyi topu qəbul edən Xorxe dərhal Stivə ötürmə verdi. Onun akrobatik zərbəsini isə Tarık çətinliklə dəf elədi. Nəhayət, 60-cı dəqiqədə qonaqlar hesabı açdı. Künc zərbəsindən topu oyuna daxil edən Asensio yaxınlığındakı Kanteyə ötürmə verdi. Tavareşlə Vacidən sıyrılan fransalı ulduzun ara ötürməsini Stiv tək toxunuşla uzaqlaşdırmağa çalışsa da, alınmadı. Önünə düşən fürsəti dəyərləndirən dünya çempionu topu tora qovuşdurdu — 0:1. Çox keçmədən “sarı-lacivərdililər” fərqi iki topa çatdırdılar. 74-cü dəqiqədə Asensio – Yiğit - Çağrı kombinasiyasını sonuncu dəqiq zərbə ilə yekunlaşdırdı — 0:2. “Turan Tovuz” qalan vaxt ərzində bir neçə təhlükəli vəziyyət yaratsa da, təsəlli qolunu vura bilmədi.

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun qonaqların qələbəsi ilə başa çatdı. Açığı, “Fənərbaxça”nın oyunçularının ustalıq səviyyəsi bir qədər yüksək idi. Sadəcə, belə gözəl futbol bayramına Genduzinin hoqqabazlığı kölgə saldı. Elə rəqibin qalan futbolçuları da sanki dostluq yox, düşmənçilik oyununa çıxmışdılar.

Gözdən qaçmadı 
* Oyun başlayarkən “bozqurd” azarkeşləri “Adımızın böyüklüyü zəfərlərə zəmanətdi”, “sarı-lacivərtli” tərəfdarlar isə “Məsafələr əngəl deyil, sevdamız Fənərbaxça” yazılan pankart açdılar.
* İsmayıl Kartal öz ünvanına səslənən alqışlar fonunda ayağa qalxdı və azarkeşlərə eyni şəkildə cavab verdi.

ƏSƏD SEYİDOV