“Turan Tovuz” “Turan”a görə Tovuzda yox, Yevlaxda oynayacaq - futbol hara, voleybol hara?!

4.10.2026 12:25 45
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, ölkəmizi CEV Çempionlar Liqasında təmsil edəcək “Turan” voleybol klubu oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Zaqreb “Mladost”u ilə qarşılaşacaq.

Beləliklə, Tovuzda böyük bayram yaşanacaq. Axı bu bölgə tarixində ilk dəfə avrokubok oyununa şahidlik edəcək. Futbolda bu uğura imza ata bilməsə də, voleybolda tarix yazan Tovuz qarşıdan gələn oyuna çox ciddi hazırlaşır. Hazırda matçın keçiriləcəyi idman qurğusunda həm texniki, həm də təşkilati istiqamətdə bir sıra yeniliklər tətbiq olunur.

Tribunaların görünüşü və azarkeşlərin rahatlığı, arenanın müasirləşdirilməsi ilə bağlı işlər öz yerində, həm də matçdan öncə xüsusi açılış proqramı olacaq. Burda azarkeşləri sürprizlər gözləyir. Zalda xüsusi işıq effektləri, yeni müasir tablolar və böyük monitorlar quraşdırılır. Azarkeşlər üçün 1500 biletin pulsuz paylanacağını, arenaya sığmayan tərəfdarların oyunu canlı izləməsi üçün kompleksin həyətində böyük monitor quraşdırılacağını isə daha əvvəl yazmışdıq.

İş ondadı kı, oyuna hazırlıq tədbirləri çərçivəsində futbolla bağlı da gözlənilməz addım atılıb. Belə ki, ümumi təşkilati və infrastruktur məsələlərini rəhbər tutan “Turan Tovuz” Peşəkar Futbol Liqasına müraciət edib. Klub müraciətində Misli premyer-liqasının 8-ci turu çərçivəsində oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” oyunu ilə 18-ci turdakı “İmişli” – “Turan Tovuz” qarşılaşmasının yerinin dəyişdirilməsi ilə bağlı istəyini ifadə edib. “Bozqurd”un müraciətini, “pələnglər”in razılıq məktubunu nəzərə alan PFL ölkəmizdə keçiriləcək Çempionlar Liqası qarşılaşmasının daha yaxşı təşkil olunmasını rəhbər tutaraq bu komandalar arasında 1-ci və 2-ci dövrədə baş tutacaq oyunların yerini dəyişib. Beləliklə, 8-ci turda bu komandalar arasındakı qarşılaşma 18 oktyabr saat 15.00-da Yevlax şəhər stadionunda reallaşacaq.

Belədə ağla maraqlı sual gəlir: futbol hara, voleybol hara? Üstəlik, “Turan Tovuz”la “Turan”ın oyunları arasında iki gün fərq var. Bəs, dəyişikliyi hansı amillər zəruri etdi? Bu sualları “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq. Klub rəsmisi durumu belə izah etdi:

“Məlumdu ki, Tovuzda ilk dəfə böyük avrokubok oyunu keçiriləcək. Bu səbəbdən şəhərimizə rəqiblə yanaşı, xüsusi qonaqlar təşrif buyuracaq. Onların hamısı matçdan iki-üç gün əvvəl gələcəklər. Qonaqların məskunlaşması üçün müasir standartlara cavab verən otellər olmalıdı. “İmişli” də bura gəlsə, gərək oteldə qalsın. Üstəlik, şəhər təhlükəsizlik və infrastruktur məsələləri baxımından tam hazır olmalıdı. Hansısa çatışmazlığın yaşanmasını istəmirik. Belə əhəmiyyətli qarşılaşmanın yüksək səviyyədə təşkil edilməsi üçün bir yerə köklənmək vacibdi. Odu ki, ümumiyyətlə, bölgədə idmanın inkişafı baxımından bu cür addım atmağı lazım bildik”.

KƏNAN BAHADIR