“İmişli” qeyri-peşəkar imiş ki! - YAZI

28.09.2026 17:59 99
Yazarlar / Manşet
Yəqin ki, “İmişli”nin heyətini formalaşdırmaq siyasəti ilə bağlı qəribə strategiyası sizin də diqqətinizi cəlb edib. Bu yazıda məhz həmin məsələ ilə bağlı bir çox məqama aydınlıq gətirəcəyik. Ancaq əvvəlcə bizi başverənləri xatırlatmağa və hadisələrin axarını dəqiqliklə təhlil etməyə məcbur qoyan detalları nəzərinizə çatdıraq.

Aran təmsilçisinin premyer-liqada debütünün hansı şəraitdə gerçəkləşdiyindən xəbərdarsız. “Pələnglər” 2024/25 mövsümündə 1-ci liqada ikinci pilləni tutsa da, AFFA İcraiyyə Komitəsinin yüksək dəstədə komandaların sayının artırılması ilə bağlı qərarına əsasən, həmin mövsümün çempionu “Şamaxı” və üçüncü yerdə qərarlaşan “Karvan-Yevlax”la birgə elita klublarının sırasına qədəm qoydu. Etiraf edək ki, “İmişli” ilk mövsümdə bütün imkanlarını səfərbər edərək özünü meydanda yaxşı tərəfdən göstərdi və yerini qoruya bildi. Lakin klubun meydandankənar fəaliyyəti heç də ürəkaçan səviyyədə olmadı. Ən əsası, ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin köhnə, premyer-liqa üçün demək olar ki, yararsız stadionunda keçirlən klub nəinki özünə, qonaq komandalara və biz jurnalistlərə belə əməllicə əziyyət verdi. Qarlı, yağışlı hava şəraitində soyuq, tavanından su daman konfrans otağından bəhs edək, yoxsa gah işlək, gah da işlək olmayan texnikadan? Bütün bunlar öz yerində. Çünki elə ötən mövsüm ərzində bütün çatışmazlıqlar haqda sizi məlumatlandırmağa çalışmışıq. Cari “futbol ili” üçün artıq dəfələrlə komandanın İmişliyə qayıdış prosesinin müxtəlif bəhanələrlə yubadılmasından yazmışıq. Təkrar edək ki, bu dəfə amalımız başqadı...

2025/26 mövsümü başa çatandan sonra baş məşqçi Jorj Kaşkilya və xeyli aparıcı futbolçu ilə yolları ayıran “İmişli” vidalaşdığı futbolçulardan ikisi ilə sonradan yenə anlaşdı. Beləliklə, cəmi bir neçə həftə əvvəl sağollaşdıqları Rafael Vieqaş və Ronaldo Rodriges yenidən “pələnglər”in şərəfini qorumağa başladı. Hətta Ronaldo qayıdar-qayıtmaz “Sabah”a qarşı 6-cı tur matçının start heyətində meydana çıxdı. Düzdü, o, həmin matçda bəxtin də köməyi ilə adını tabloya yazdıra bildi. Bir tur əvvəl isə Rafael Vieqaş komandaya qayıdan kimi “Neftçi”yə qarşı oynamaq imkanı qazanmışdı. Bu futbolçuların heç biri “İmişli” ilə mövsümöncəsi hazırlıq keçməyib. Premyer-liqa klubunun heyətini bu cür formalaşdırması peşəkarlığa sığmır. Belə addım ya əvvəl yol verilən səhvin etirafı, ya da klubun seleksiya xidmətinin zəif səviyyədə olduğunun göstəricisidi ki, hər iki hal premyer-liqa komandasına yaraşmır. Hələ onu demirik ki, “İmişli” Dominqos Senquini heyətə qatdığını açıqladıqdan bir ay sonra müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini elan etdi. Ardından üzə çıxdı ki, tibbi müayinə zamanı futbolçuda hepatit aşkarlanıb. Sən Allah, dünyanın harasında görünüb ki, tibbi müayinə müqavilə imzalanandan sonra gerçəkləşsin? Necə deyərlər, zarafatdısa, gülməlidi, deyilsə, daha gülməlidi!

Ümumiyyətlə, məşhur axtarış sistemi “Google”də “İmişli” sabiq futbolçusunu qaytardı” ifadəsi ilə araşdırma aparsaz, klubun dəfələrlə belə addım atdığının şahidi olarsız. Komanda hələ 1-ci liqada çıxış edərkən də istər yerli, istərsə də legioner oyunçularla yollarını ayırandan sonra yenidən anlaşıb. Öz aramızdı, Fərid Namazovun birillik fasilədən sonra baş məşqçi postuna qayıdışı da eyni tendensiyanın bariz sübutlarından biridi.

Görəsən, “İmişli” belə qeyri-peşəkar idarəçilik sistemi ilə premyer-liqada nə vaxta qədər tab gətirə biləcək? Axı komanda əvvəl-axır doğma məkanına qayıtmalı, zamanla heyətini daha yaxşı futbolçularla gücləndirməlidi. Axı premyer-liqa yalnız loqo yeniləməyi yox, həm də yenilikçiliyə açıq olmağı, mütəmadi “qan dəyişikliyi” tələb edir. İzləmədə qalaq...

KƏNAN BAHADIR